ABŞ-İran gərginliyində üçüncü güclərin marağı: “Tehran rəqabət meydanına çevrilir"
“ABŞ-İran müharibəsinin davam etməsində ən çox xarici güclər maraqlıdır”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Mürtəza Bünyadlı bildirib.
Politoloq ABŞ-İran müharibəsinin hazırkı gedişatı və son günlər qarşılıqlı olaraq tərəflərin bir-birinin hərbi mövqelərinə zərbələr endirməsinin səbəblərini və bu bombardmanın doğuracağı nəticələri analiz edib:
“Son günlər ABŞ və İran arasında baş verən qarşılıqlı hərbi hücumlar göstərir ki, tərəflər arasında əldə olunmuş razılaşma artıq faktiki olaraq qüvvəsini itirib. Əslində bu, gözlənilən ssenari idi. Çünki imzalanan anlaşma nə Vaşinqtonun, nə də İsrailin uzunmüddətli strateji maraqlarını tam təmin edirdi. Bu səbəbdən razılaşmanın davamlı olması çətin görünürdü və onun pozulması üçün uyğun siyasi və ya hərbi bəhanənin yaranması kifayət idi. Bu gedişat göstərir ki, həmin mərhələ artıq geridə qalıb və Yaxın Şərq yeni təhlükəli geosiyasi reallığa daxil olub.
İranın Körfəz bölgəsində atdığı addımlardan sonra ABŞ Tehrana qarşı hərbi və iqtisadi təzyiqi yenidən artırmağa başlayıb. Vaşinqtonun İran ətrafında hərbi fəallığını genişləndirməsi, eyni zamanda İran gəmilərinə qarşı blokada tədbirlərini bərpa etməsi onu göstərir ki, ABŞ yenidən “maksimum təzyiq” strategiyasına üstünlük verir. Bu strategiyanın əsas məqsədi İranı ABŞ-ın irəli sürdüyü şərtlərlə danışıqlar masasına qaytarmaq və daha sərt razılaşmaya məcbur etməkdir.
Vaşinqton hesab edir ki, hərbi və iqtisadi təzyiq artdıqca Tehran manevr imkanlarını itirəcək və kompromisə getmək məcburiyyətində qalacaq. İranda sülh tərəfdarları ilə radikallar arasında mübarizə dərinləşir. Lakin proseslərin mürəkkəbliyi yalnız ABŞ-la İran arasındakı qarşıdurmadan ibarət deyil. İran daxilində də ABŞ-la aparılan danışıqlara münasibətdə ciddi fikir ayrılığı mövcuddur”.
M. Bünyadlı qeyd edib ki, hər iki tərəfin razılaşmanı manipulyasiya edən fərqli daxili qrupları mövcuddur:
“Son günlər ABŞ-la danışıqlar aparan şəxslərin “xəyanətkar”, “satqın” adlandırılması göstərir ki, ölkə daxilində radikal dairələr kompromisə qarşı açıq mübarizə aparırlar. Diqqətçəkən məqam isə budur ki, danışıqlar yalnız hakimiyyətdə təmsil olunan islahatçı qanad tərəfindən aparılmır. Bu prosesdə mühafizəkar siyasi dairələrin nümayəndələri də iştirak edir.
Başqa sözlə, Vaşinqton faktiki olaraq İran dövlətinin müxtəlif siyasi mərkəzləri ilə paralel təmaslar qurmağa çalışır. Bu isə göstərir ki, ABŞ üçün əsas məqsəd konkret siyasi qrupla deyil, İran dövləti ilə nəticə əldə etməkdir. İran daxilində baş verən proseslər onu göstərir ki, danışıqlara qarşı çıxan qüvvələr əsasən radikal mühafizəkar çevrələr və SEPAH daxilindəki sərt mövqeli qruplardır.
Lakin məsələ bununla da bitmir. Müşahidələr göstərir ki, fikir ayrılıqları artıq SEPAH-ın öz daxilində də hiss olunur. Müxtəlif qruplar ABŞ-la münasibətlərin gələcəyi barədə fərqli baxışlara malikdirlər. Bu isə İran siyasi sistemində qərar qəbuletmə mexanizmini daha da mürəkkəbləşdirir və ölkənin vahid strategiya müəyyənləşdirməsini çətinləşdirir. İran daxilindəki qarşıdurma ilə yanaşı, xarici geosiyasi amillər də proseslərə ciddi təsir göstərir.
Yaxın Şərq və Körfəz regionunda maraqları olan müxtəlif güclər bölgədə tam sabitliyin yaranmasını öz strateji maraqları baxımından məqsədəuyğun hesab etmirlər. Çünki ABŞ ilə İran arasında münasibətlərin normallaşması regiondakı qüvvələr balansını dəyişə, enerji marşrutlarına və təhlükəsizlik sisteminə yeni istiqamət verə bilər.
Bu səbəbdən müxtəlif aktorlar İran daxilindəki ziddiyyətlərdən istifadə etmeye çalışır və Vaşinqtonla Tehran arasında etimadın bərpa olunmasını istəmirlər. Belə şəraitdə daxili siyasi qarşıdurmalar xarici geosiyasi rəqabətin alətinə çevrilə bilir.
Hazırkı proseslərin ən təhlükəli tərəfi ondan ibarətdir ki, İran getdikcə öz siyasətini müəyyən edən aktordan daha çox, böyük güclərin geosiyasi rəqabət meydanına çevrilir. Regionda maraqları olan dövlətlər Tehran üzərindən öz strateji məqsədlərinə nail olmağa çalışırlar.
Bu maraqların əsas hədəfi isə İranın milli maraqları deyil, Yaxın Şərqdə təsir dairələrinin genişləndirilməsi, enerji marşrutlarına nəzarət və yeni geosiyasi balansın formalaşdırılmasıdır. Belə vəziyyətdə ən böyük yük İran dövlətinin və İran cəmiyyətinin üzərinə düşür. Hazırkı proseslərin hansı istiqamətdə inkişaf edəcəyini qəti şəkildə proqnozlaşdırmaq çətindir. Lakin bir məqam artıq aydındır: gərginliyin davam etməsi heç bir tərəfə uzunmüddətli sabitlik vəd etmir.
Ən böyük itkilərlə üzləşəcək tərəf isə, ilk növbədə, İran və onun əhalisi olacaq. Çünki ölkə həm xarici təzyiq, həm də daxildə dərinləşən siyasi parçalanma ilə eyni vaxtda mübarizə aparmağa məcburdur. Yaxın Şərqdə davam edən geosiyasi qarşıdurma göstərir ki, İran artıq təkcə regional dövlət deyil, qlobal güclərin maraqlarının toqquşduğu əsas strateji məkanlardan birinə çevrilib. Bu reallıq dəyişmədiyi müddətdə bölgədə davamlı sülhün və sabitliyin bərqərar olması da olduqca çətin görünür. Bu böhrandan daha çox itirən tərəf isə İran və İran xalqıdır”.
Nurlan Cəfəri













