Rusiya-Ukrayna qarşıdurması yeni mərhələdə: 2029-cu ilin yanvarına qədər nələr dəyişəcək?
“Tramp Rusiya-Ukrayna müharibəsinin 2029-cu ildə bitəcəyini dilə gətirib”.
Bu iddianı Yenicag.az-a açıqlamasında “AĞ Partiya” sözçüsü, beynəlxalq münasibətlər üzrə şərhçi Cavanşir Abbaslı bildirib.
Şərhçi Rusiya və Ukrayna arasında hər gün daha da qızışan münaqişənin nə zaman bitəcəyi haqqında öz təxminlərini bölüşüb:
“Dünya Donald Trampın bu cür ziddiyyətli və bəzən bir-birini təkzib edən açıqlamalarının tez-tez şahidi olmağa davam edir. Düşünürəm ki, onun Rusiya-Ukrayna müharibəsi ilə bağlı son fikirləri də həmin silsilənin davamıdır. Hazırkı mərhələdə Rusiya-Ukrayna müharibəsinin yaxın vaxtlarda başa çatacağını göstərən real əlamətlər görünmür. Əksinə, qarşıdurmanın miqyası getdikcə genişlənir. Son dövrlərdə Ukraynanın Rusiya ərazisinə, o cümlədən Moskva istiqamətinə endirdiyi zərbələrin sayı və intensivliyi artıb. Bu isə müharibənin yeni mərhələyə keçdiyini göstərir. Belə bir şəraitdə Vladimir Putinin hansısa güzəştlərə gedərək sülh razılaşmasına imza atacağını təsəvvür etmək çətindir. Ümumiyyətlə, hazırda tərəflərdən hər biri yalnız öz şərtlərinin qəbul ediləcəyi halda danışıqlara razılıq verə bilər. Rusiyanın da şərtləri məlumdur. Prezident Volodimir Zelenskinin mövqeyi də bəllidir. Problem ondadır ki, bu şərtlərin heç biri qarşı tərəf üçün qəbul olunan deyil. Məhz buna görə də müharibə indiyədək davam edir və yaxın perspektivdə kompromis ehtimalı zəif görünür. Məncə, Trampın açıqlamasında diqqətçəkən əsas məqam müharibənin 2029-cu ilin yanvarına qədər başa çatacağı ilə bağlı səsləndirdiyi fikirdir. Əslində isə həmin tarixə qədər təxminən iki il yarım vaxt qalır. Bu, beynəlxalq münasibətlər və hərbi-siyasi proseslər baxımından kifayət qədər uzun müddətdir. Bu dövrdə cəbhədə vəziyyətin necə dəyişəcəyini, Ukraynanın hansı durumda olacağını indidən proqnozlaşdırmaq çox çətindir. Digər tərəfdən, Rusiyanın həm hərbi, həm də iqtisadi baxımdan müharibəni hələ uzun müddət davam etdirmək potensialı qalır. Eyni zamanda Avropada da müəyyən siyasi dəyişikliklər müşahidə olunur. Son dövrlərdə bəzi aparıcı Avropa ölkələrindən Rusiya ilə münasibətlərin normallaşdırılması istiqamətində mesajlar səslənir. Bu da onu göstərir ki, Avropa dövlətləri 2029-cu ilin yanvarına qədər Moskva ilə indiki qədər sərt qarşıdurma şəraitini saxlamaqda maraqlı olmaya bilərlər. Bu baxımdan hesab edirəm ki, Trampın səsləndirdiyi fikirlər arasında reallığa ən yaxın olan məqam məhz müharibənin 2029-cu ilin yanvarına qədər hansısa formada başa çatacağı ilə bağlı ehtimaldır. Lakin bunun necə, hansı şərtlərlə və hansı tərəfin üstünlüyü ilə baş verəcəyini indidən qəti şəkildə söyləmək mümkün deyil”.
Nurlan Cəfəri













