12 həvari və 12 imamın MÜBARİZƏSİ – Teokratik qarşıdurmadan geosiyasi BARIŞIĞA
“12 gün davam edən İran ilə İsrailin qarşıdurması bir mənada teokratik dini anlayışın da əks olunması kimi qiymətləndirilir. “12 imam və 12 həvarinin müharibəsi” kimi ifadə olunan bu qarşıdurmanın ABŞ-nin müdaxiləsi ilə barışa çevrilməsi hazırda mümkündür”.
Bunu Yenicag.az-a açıqlamasında Türkiyədə fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, professor Hasan Oktay deyib.
Siyasi təhlilçi 12 gün davam edən İran-İsrail hava müharibəsinin siyasi səbəblərini, əldə olunan atəşkəsi şərh edib.
Onun sözlərinə görə, Tramp aprelin 2-də “Amerikanı xilas etmə” toplantısı adlandırdığı geniş mətbuat konfransında Çinə qarşı böyük səfərbərliyə başladığını bildirdi:
“Bu zaman Suriyada Türkiyə ilə İsrailin qarşılaşacağı bir münaqişə meydanı yaranmaq üzrə idi. Bu səbəbdən Netanyahunun ABŞ-yə gedərək Trampla geniş danışıqlar apardığı, mətbuat konfransında verilən bir suala cavabında Trampın Netanyahuna “Ərdoğan mənim dostumdur, onunla problem varsa, məntiqli olmaq şərti ilə mən həll edərəm” dediyi məlum oldu. Sonra İranla nüvə danışıqlarına başlayacağını açıqladı. Beş dəfə ABŞ və İran rəsmiləri nüvə danışıqları üçün görüşdülər, altıncı görüş isə baş tutacaqdı. Lakin İran daxilində dini rəhbərliyi altında olan İslam İnqilabı Keşikçiləri Korpusu – SEPAH bu danışıqlarda “böyük şeytan” Amerika və “kiçik şeytan” İsrail ilə heç bir razılaşma olmayacağını konstitusiyaya əsaslandıraraq bəyan etdilər və danışıqlar masasını devirdilər. Bunun üzərinə ABŞ İsrailin İrana hücumuna göz yumdu”.
H. Oktayın fikrincə, İsrailin ilk gün etdiyi hücumlara baxanda, əsasən, İnqilab Keşikçilərinin komandirlərinə, hərbi qüvvələrinə və iqtisadi təşəbbüslərinə böyük zərbə endirildiyi aydın olur:
“Yəni İran teokratları ilə İsrail teokratları arasında “12 həvari və 12 imam müharibəsi” baş verdi. İsrail vurulduqca, dağıdılmış binaların görüntülərini media vasitəsilə dünyaya yayıb, Yəhudi lobbisinin Tramp üzərində təzyiq göstərməsinin yolunu açdı. Nəticədə Tramp iki B-2 bombardman təyyarəsi ilə İranın nüvə obyektlərini bombaladı. Sonrakı gün İnqilab Keşikçiləri əvvəlcə ABŞ-yə xəbər verərək, Körfəz ölkələrində boşaldılmış bazaları vurmaqla sanki intiqam aldılar və bundan sonra “barış vaxtıdır” mesajını verdilər”.
“İranda prezident və xarici işlər naziri dünya ilə barışmaq üçün əllərindən gələni edərkən, İnqilab Keşikçiləri bu prosesdən ən çox zərər çəkdi və dini rəhbərliyin artıq İran üçün davam etdirilə bilməyəcək bir mərhələyə gəlməsinin də yolunu açdı. İran konstitusiyasına görə, Amerika və İsraillə anlaşma imzalamaq mümkün olmadığından, yaxın günlərdə dini rəhbərliyin aradan qaldırılması ehtimalı yüksəkdir. Bu prosesdə Türkiyə mühüm təşəbbüs göstərərək diplomatik səylərə başladı və ABŞ ilə birgə bu atəşkəsin təmin olunmasını həyata keçirdi”, – deyə o, fikirlərini tamamlayıb.
Rafi Müslümov