Hindistanda ingilis dilli təhsilin memarı olan Thomas Babington Macaulay, 1835-ci ildə yazdığı “Hindistandaki Təhsil Hesabatı”adlı məşhur əsərində yazırdı: “Bizim verdiyimiz ingilis dilli təhsil, “qan və dəri rəngi baxımından Hindli” olan yerliləri “bəyənmək, qənaət, əxlaq və zəka baxımından ingilis” halına gətirəcəkdir. Bu insanlar əslində Britaniyanın maraqlarını qoruyacaq sinif təşkil edəcək, bu böyük və hələ də bizə boyun əyməyən bu ölkənin idarə edilməsində ingilislərə yardım edəcəklər” (Macaulay, 249).
Yəni, görünüş etibarı ilə hindli, ancaq daxilən ingilis yetişdirəcəkdilər. Necə ki, bacardılar da. Silah gücü ilə əsir edə bilmədikləri müstəmləkələrdə xeyli sayda məktəblər açaraq, guya yerli xalqların inkişafına çalışsalar da, əslində özlərinə itaət edəcək nəsil yaratdılar.
Sadəcə Hindistandamı? Şimali Amerikada zəncilər kütləvi şəkildə öldürülürkən, Cənubi Afrikada “təhsil” silahından istifadə etdilər. Bu səbəbdən də o yerli xalqların bir çoxu öz ana dilini unudub, portuqal, ispan, fransız və ingilis dillərində danışırlar.
Bəli! Osmanlı əslində 1914-cü ildə Birinci Dünya Müharibəsinə daxil olaraq, süqut etmədi. Osmanlı tam bir əsr öncə 1800-cü illərin başında fransız və ingilislərə məktəb açmağa izn verdiyi zaman süqut etdi. Necə ki, həmin dövrdən sonra sultanları devirib, dövləti istədiyi kimi idarə edənlərin, hətta son dönəmə qədər milli siyasət yürüdənlərin qənimi Robert Kolleji, Qalatasaray Liseyi və digər inglis, amerikan və fransız məktəbləri məzunları idi. Eləcə də, 1995-ci ildə Azərbaycanda çevriliş etmək istəyən Tansu Çillər Robert Kolleji məzunu idi…
Yəni, o güclər Avropanın qorxulu röyası olan Osmanlını xaçlı yürüşləri ilə bitirə bilməsələr də, “təhsil” silahı ilə cəmi 80-90 ilə bitirdilər. 600 illik dövlət tarixə qarışdı…
İndi başa düşdünüzmü, “İngilis dilli təhsil verdiyi” üçün Böyük Britaniyanın ali mükafatı ilə ödülləndirilən Fətullah Gülən Məktəbləri Azərbaycandan niyə vaz keçmir? Məsələ heç də hər kəsin ağlına gələn ilk versiya-pul-para deyil. Məsələ ölkəni ələ keçirməkdir. Məsələ Gülənin dediyi kimi 25 il səbr edib, bir nəsil formalaşdırmaqdır. Dövlətin bütün önəmli nöqtələrinə yerləşdiriləcək “qızıl nəsil”in yetişməsidir əsas məsələ…
Onun üçün qapıdan qovulsalar da, pəncərədən daxil olmağı ar bilmirlər. Bu səbəbdən min bir fırıldaqla, fərqli adlarla da olsa, gəlirlərinin böyük bir qismini onlara bu yolu açanlara rüşvət olaraq versələr də, yüzdəyüz ziyanla işləsələr də, vaz keçmirlər.
Heç kim sual vermir ki, bir neçə il öncəsinə qədər sadəcə bir neçə hazırlıq kursu olan ölkədə “Araz” bağlandı deyə, göbələk kimi hazırlıq kursları necə çoxaldı? Və ya “Araz” kursları bağlanmasına nə üçün bu qədər səssiz-səmirsiz qaldı? Çünki minarəni oğurlayan, bəhanəsini də ona görə, hazırlayıb.
Biz sizə açıqlayaq, “Araz” kurslarının taleyi necə oldu. Kursların Bakıdakı əsas mərkəzinin binasının (A.Salamzadə küç., 28) üzərində bu gün “Bakı Asiya Universiteti” yazılır. Lakin içəri daxil olduqda, universitetlə yanaşı “Araz” kurslarının da fəaliyyətini “Ulduz” Hazırlıq Mərkəzi adı altında davam etdirdiyini görəcəksiniz. İnternet üzərindən isə tapmaq daha asandır. “Ulduz” Hazırlıq Mərkəzinin Facebook adresində (https://www.facebook.com/ulduzhazirliqmerkezi/info?tab=page_info) yazılıb: “2014-cü ildə Bakı şəhərində fəaliyyətə başlamışdır. Hazırlıq Mərkəzinin məqsədi müxtəlif istiqamətlər üzrə hazırlıq keçmək istəyənlərə keyfiyyətli tədris vermək, onları düzgün istiqamətləndirməkdir”. Açması: “Araz” bağlanmadı, adını dəyişdirib, işimizə davam edirik.
Bakıxanovda yerləşən Sabunçu Araz Hazırlıq Kursları “Bakıxanov Hazırlıq Mərkəzi” adı altında fəaliyyətini davam etdirir.
Nərimanov rayonundakı “Araz” isə Zaqatalada yerləşən “Araz” kimi “Modern” Hazırlıq Mərkəzinə çevrilib.
Xətai rayonundakı “Araz” kursunun adı isə “Tusi” Hazırlık Mərkəzi olub. Sumqayıt “Araz” kursları isə “Lider” Hazırlıq Mərkəzinə çevrilib. Beləliklə, “Araz” Kursları Şəkidə Şəki Hazırlıq Mərkəzinə, Gəncədə Kəpəz Hazırlıq Mərkəzinə, Qazaxda isə “Göyəzən” Hazırlıq Mərkəzinə çevriliblər.
Bundan başqa xeyli sayda lisey və hazırlıq kursları açılıb və onlar görünüşdə Gülən ilə əlaqəli görünməsə də, hamısı bu Şəbəkəyə bağlıdır. Camaatın idarəetməsini ələ keçirdiyi “Zirvə” kimi hazırlıq kursları da var.
“İstək” liseyi bu gün Gülənin “türk özəl liseyləri”ni yenidən bir çatı altında qurmaq üçün yaradılıb. Məsələn, “Çağ Öyrətim”in direktorunun baş müşaviri, Azərbaycanın dahi şəxsiyyəti Şah İsmayılı dəfələrlə təhqir edən Nazim Əkbərov burada da eyni vəzifədədir.
Bütün bu ayrı-ayrı şəxslərin adına qeydiyyatdan keçirilən hazırlıq mərkəzlərini birləşdirən bir məqam var. Belə ki, adını sadaladığımız bütün hazırlıq mərkəzlərinin dərslikləri və test mərkəzi bir yerdir: Güvən Nəşrləri. GÜLƏNə GÜVƏN yani… Sadəcə bir hərf oynamaqla, Elnur Aslanovun, İxtiyar Hüseynlinin, Fərhad Məmmədovun gənclərə verdikləri məşhur mesajları verirlər: Hər şey yaxşı olacaq, Gülənə GÜVƏNin…
Araz Kurslarının bütün dərs vəsaitləri, hamısının ismi dəyişdirilərək, “Güvən nəşriyyatı” adı ilə yuxarıda adı çəkilən kursların əsas dərs vəsaiti kimi istifadə olunur. Yəni, “Araz”ı keçib Azərbaycana gələnlər hazırda Gülənə GÜVƏNməyimizi istəyir və GÜVƏNdikləri şəxsləri hazırlıq mərkəzlərinə təyin edərək, yuxarıda qeyd olunan kimi görünüş etibarı ilə Azərbaycanlı, fəqət ruhu fətullahçı olanlarla işlərinə davam edirlər.
Liseylərin bağlandığını iddia edənlər “Çağ Öyrətim”in prezidenti Ənvər Özərənin ayrı-ayrı TUSİAB üzvləri ilə görüşərək, guya ingilis dilli pilot məktəb olan keçmiş “Bakı Özəl Türk Liseyi”nin həyətində tikilən bina üçün para yardımı istəməsini necə izah edə bilərlər? Bəli! Bu gün həm bu hazırlıq mərkəzlərinin, həm liseylərin ümumi beyin mərkəzi, yəni “üst ağıl”ı Qafqaz Universitetidirsə, bütün maddi dəstək qaynaqları TUSİAB və İPƏKYOLU çatıları altında toplaşan fətullahçı şirkətlərdir. Məhz bu səbəbdən də, Ənvər Özərən, Məsut Kurnaz, Əhməd Sanıc kimi fətullahçılar xırda problemdə belə onların qapısını döyür, onlardan yardım istəyirlər.
Nəticə etibarı ilə görünən odur ki, Türkiyə Təhsil Nazirliyinin fətullahçıların tanınmayan isimlərlə fəaliyyətlərini davam etdirmələrini təsbit etsə də, Azərbaycanda bu sahədə səssizlik mövcuddur. Ortada təkzibedilməz faktlar olduğu halda nə Təhsil Nazirliyi, nə də digər qurumlardan mövzu ilə bağlı reaksiya yoxdur. Əcəba, sadəcə bir neçə azərbaycanlı məmur bu işlərin arxasındadır? Görünən odur ki, ZAMANında Gülənçilərə GÜVƏNənlərin ABŞ, Türkiyə və Böyük Britaniya səfərləri çox rəngarəng keçdiyindən bu gün Prezidentə belə bu mövzuda yalan məlumat verilməkdən çəkinmirlər. Nəticədə Türkiyənin baş nazirinin yataq otağını belə dinləyən bir Şəbəkə ilə üz-üzə qalıblar və əlləri məhkumdur…
Aqil ƏLƏSGƏR
Yenicag.az
www.yenicag.az