Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-cü il 21 avqust tarixli Fərmanına əsasən, sentyabrın 15-i ölkəmizdə Bilik Günü kimi qeyd olunur. Prezident İlham Əliyevin təhsilə diqqət və qayğısı, Heydər Əliyev Fondunun müvafiq istiqamətdə həyata keçirdiyi layihələr nəticəsində son illər Azərbaycan təhsili yeni inkişaf dövrünə qədəm qoyub. Bu gün təhsil sisteminin bütün pillələri üzrə dövlət proqramları uğurla həyata keçirilir.
Yenicag.az xəbər verir ki, yeni tədris ilində ölkə üzrə I siniflərə 132 min 261, məktəbəhazırlıq qruplarına isə 89 min uşaq qəbul olunub.
Yeni tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri üzrə ümumilikdə 513 min 698 şagird təhsil alacaq. Bu məktəblərin I sinfində 46 min 98, IX sinfində 44 min 233, X sinfində 35 min 757 , XI sinfində 32 min 260, XII sinfində 156 şagird təhsil alacaq.
BŞTİ-nin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinə 45 min 201 uşaq, ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına isə 29 min 216 beşyaşlı cəlb olunub.
2024-2025-ci tədris ilində BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində 29 min 400 müəllim, məktəbəqədər təhsil müəssisələrində isə 4830 tərbiyəçi-müəllim çalışacaq.
Qeyd edək ki, BŞTİ-nin tabeliyində 698 təhsil müəssisəsi fəaliyyət göstərir. Onlardan 342-si məktəbəqədər təhsil müəssisəsi, 327-si ümumi təhsil, 3-ü xüsusi tipli ümumi orta məktəb, 5-i əyani-qiyabi axşam məktəbi, 12-si internat tipli müəssisə, 9-u isə məktəbdənkənar müəssisədir.
www.yenicag.az