1901-ci ildən bəri yanır: 125 ildir sönməyən lampa
ABŞ-ın Kaliforniya ştatındakı bir yanğınsöndürmə məntəqəsində 1901-ci ildən bu yana yanan ampul, “Ginnesin Rekordlar Kitabı”na düşərək dünyanın ən uzun müddət yanan lampası ünvanını qazanıb.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Kaliforniya ştatının Livermor şəhərində yerləşən 6 saylı yanğınsöndürmə məntəqəsindəki lampa, 125 ildir ki, demək olar, heç vaxt sönməyib.
Bu nadir hadisə Şimali Kaliforniyanın turistik cəhətdən ən sönük bölgələrindən sayılan sözügedən əraziyə dünyanın dörd bir yanından turist axınına səbəb olub. “Yüzillik işıq” adı verilən bu ampul cəmi 4 vatt gücündə işıq saçır.
Məlumata görə, tarixi lampa fəaliyyəti boyu yalnız bir neçə dəfə sönüb ki, bu da yanğınsöndürmə məntəqəsinin köçürülməsi ilə bağlı olub. 2013-cü ildə baş verən sonuncu kəsintinin səbəbi isə lampanın arızalanması deyil, generator akkumulyatorunun boşalması olub.
Uşaq kitablarında da bəhs edilən bu lampanın 125 il ərzində necə sönmədən qaldığının sirri hələ də tam açılmayıb. Mütəxəssislər bunun böyük ölçüdə köhnə üsulla hazırlanma texnologiyası ilə bağlı olduğunu ehtimal edirlər.
Yenicag.az













