Kinonun MÖVCUD DURUMU: “Onlar ağsaqqal rolunda çıxış etməkdənsə...”
“Kino cameəsində hələ də təxminən beş-on nəfərlik bir nəsil mövcuddur ki, onlar artıq yaradıcılıq baxımından geri çəkilməli, daha çox gənclərə mənəvi dəstək verən ağsaqqal rolunda çıxış etməlidirlər”.
Bu sözləri Yenicag.az-a açıqlamasında tanınmış rejissor Tahir Tahiroviç deyib.
Rejissor “Azərbaycan kinosunun bugünkü vəziyyətini “geriləyir” və ya “axsayır” kimi qiymətləndirməyin düzgün olmadığını, əksinə, xüsusilə son üç-beş il ərzində ölkəmizdə istehsal olunan filmlərin sayının xeyli artığını bildirib:
“Bunu böyük səmimiyyətlə deyə bilərəm ki, Azərbaycan Respublikası Kino Agentliyinin keçirdiyi müsabiqələrin nəticələri artıq öz bəhrəsini verməyə başlayıb. Sevindirici haldır ki, son üç-dörd ildə gənc Azərbaycan kinematoqrafçıları dünyanın müxtəlif nüfuzlu beynəlxalq film festivallarında uğurlar qazanırlar. Bu festivalların və mükafatların hamısını sadalamaq istəsək, kifayət qədər uzun siyahı alınar. Mən Azərbaycan kinosunun gələcəyinə nikbin baxıram. Lakin narahatlıq doğuran bir məqam da var. Kino cameəsində hələ də təxminən beş-on nəfərlik bir nəsil mövcuddur ki, onlar artıq yaradıcılıq baxımından geri çəkilməli, daha çox gənclərə mənəvi dəstək verən ağsaqqal rolunda çıxış etməlidirlər. Təəssüf ki, onların hamısını deməsəm də, əksəriyyəti bu missiyanı yerinə yetirə bilmir. Hətta bəzilərində gənc kinematoqrafçıların uğurlarına qarşı qısqanclıq hiss olunur. Hesab edirəm ki, bu yanaşma dəyişərsə və gənclərə daha çox imkan yaradılarsa, Azərbaycan kinosunun gələcəyi çox uğurlu olacaq. Bu baxımdan ARKA-nın həyata keçirdiyi siyasəti müsbət qiymətləndirirəm və inanıram ki, onun nəticələrini qarşıdakı illərdə daha aydın şəkildə görəcəyik”.
Cəvahir













