Gəncə şəhəri ərazisində sərxoş halda yol nəqliyyat hadisəsi törədərək 2 şəxsin ölümünə səbəb olan sürücü cinayət məsuliyyətinə cəlb edilib.
Baş Prokurorluqdan Yenicag.az-a verilən məlumata görə, oktyabrın 29-da saat 02 radələrində 1989-cu il təvəllüdlü Rauf Məmmədovun sərxoş halda idarə etdiyi “Lada Piriora” markalı 99-HD-730 dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri, İ.Qayıbov küçəsində hərəkətdə olarkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq Abbasəli Tağıyevin idarə etdiyi 57-CA-446 dövlət qeydiyyat nişanlı “Vaz-2106” markalı avtomobil ilə toqquşması nəticəsində “Lada Piriora” markalı avtomobildə olan sərnişinlər – 2000-ci il təvəllüdlü İkram Bayramlı və Eldar Məmmədovun hadisə yerində vəfat etmələri faktına görə Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat Bölməsində Cinayət Məcəlləsinin 263-1.4-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Cinayət işi üzrə zəruri ekspertizalar təyin olunmuş və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.
Aparılmış istintaqla hadisənin R.Məmmədov tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən, o, şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
www.yenicag.az