2016-cı il Azərbaycan əhalisinin həyatında kifayət qədər ağır izlər buraxdı: bahalaşma, işsizlik, gəlirlərin azalması, borcların isə artması…
Bu ağır ilin pozitiv, gələcəyə ümidləndirən məqamları da oldu. İl iqtisadi sahədə hökumətin bir çox qərarları ilə yadda qaldı. Yeniçağ.az olaraq onların arasında hansının ən uğurlu olduğunu mütəxəssislərdən soruşduq.
Ölkənin ən tanınmış iqtisadçı-ekspertlərinin cavablarını təqdim edirik:
Milli Məclisin üzvü, İqtisadi və Sosial innovasiyalar İnstitutunun rəhbəri Əli Məsimli:
“2016-cı ilin ən uğurlu, ən yaxşı iqtisadi qərarı-addımı Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin hazırlanması oldu. Həmin sənədin nəzərdə tutulduğu kimi davamlı və sistemlı şəkildə reallaşdırılması Azərbaycan iqtisadiyyatının neft amilinin dominant roluna əsaslanan birtərəfli inkişaf modelindən insan inkişafınn prioritet təşkil etdiyi innovasiyalı inkişaf modelinə keçməsinə imkan verər. Konkret qərara gəldikdə isə beynəlxalq praktikadan məlum olan çatışmazlıqlara yol verilməyəcəksə və əlavə addımlarla tamamlanacaqsa, mətbuatda vergi amnistiyası adlandırılan “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” qanunu qeyd etmək olar. Belə bir qanunun qəbulu vergi ödəyiciləri ilə dövlət arasında münasibətlərin tənzimlənməsində irəliyə doğru çox zəruri addımdır. Bu həm də vergi sisteminin təkmilləşdirilməsi istiqamətində yeni zəruri addımlarla tamamlanacaqdır.Bu özünü daha çox Azərbaycan Prezidentinin “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında Sərəncamında Nazırlər Kabineti, Vergilər Nazirliyi və digər qurumlar qarşısında qoyulan vəzifələrin reallaşdırılması istiqamətində göstərəcək.”
İqtisadçı-ekspert Rövşən Ağayev:
“İnvestisiyaların təşviqilə bağlı təşəbbüslərin dəstəklənməsini ilin ən yaxşı qərarı hesab edirəm.
Söhbət qeyri-neft məhsulları ixrac edən sahibkarlara məhsulun ixrac dəyərinə görə büdcə ödənişlərinin həyata keçirilməsindən, həmçinin investisiya təyinatlı məhsulların idxalına görə vergi güzəştlərinin tətbiqindən gedir.”
İqtisadçı-alim, ADR Hərəkatının sədri Qubad İbadoğlu:
“2016-cı ili ən uğurlu qərarı dövlət büdcəsi gəlirlərinin neft fondunun transferlərindən asılılığının azaldılması oldu.”
İqtisadçı-alim Azər Mehtiyev:
“2016-cı ilin ən yaxşı (uğurlu olub-olmayacağını gələcəkdə görəcəyik) qərarı, məncə, icbari tibbi sığorta islahatına pilot qaydasında da olsa başlamaqla bağlı qərardır. Bu islahatlara başlamaqla bağlı ilkin qərar 2007-ci ilin dekabrında verilməsinə baxmayaraq, nəhayət, 10 ildən sonra prosesə pilot qaydasında start verildi. Ümid edirik ki, cəmiyyət üçün faydalı olan bu islahatlar uğurla davam edəcək.”
İqtisadçı-ekspert Pərviz Heydərov:
“2016-nın uğurlu qərarları kimi cari ilin əvvəlində – fevral ayında büdcəyə dərhal dəyişikliklər edilməsini və neftin qiymətinin 25 dollaradək salınmasını, Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılmasını, Maliyyə Nazirliyi və SOCAR vasitəsilə dövriyyəyə qiymətli kağızların buraxılmasını və bu sahədə bazarın canlandırılmasını, qeyri-neft sektorunun inkişafı məqsədilə hələki hüquqi-normativ sahədə bir sıra zəruri və vacib qərarların qəbul edilməsini və addımlar atılmasını qeyd edə bilərəm. Amma ən uğurlu, ən yaxşı iqtisadi qərarı-addımı Prezidentin 6 dekabr 2016-cı il tarixində imzaladağı “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Fərmandır. Ölkəmizin yaranmış yeni iqtisadi situasiya ilə əlaqədar seçməli olduğu növbəti inkişaf modelinin bir növ bünövrə mexanizmini müəyyən etdiyindən, bunu ən vacib və uğurlu addım hesab edirəm. Çünki bundan sonra bütün atılacaq zəruri addımlar və tədbirlər, o cümlədən görüləcək işlər, imzalanacaq hər bir sənəd məhz qeyd olunan sahələr və istiqamətlər üzlə hazırlanmış strateji yol xəritələrinə uyğun olmalıdır və olacaq… Hesab edirəm ki, bu da hədəfə çatmaq üçün olduqca məqsədəuyğun və əhəmiyyətli xarakter daşıyacaq. Qalır, sözügedən yolları addımlamaq işi. Bu isə artıq, tam ayrı məsələdir.”
İqtisadçı-ekspert Samir Əliyev:
“Bir sıra çatışmazlıqlara rəğmən ilin ən vacib sənədi olaraq “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”ni göstərmək olar. Ümumilikdə 12 strateji hədəfi özündə əks etdirən Yol Xəritəsi Azərbaycan iqtisadiyyatının müxtəlif sektorlarında həyata keçiriləcək hökumət siyasətini hədəflərini özündə əks etdirir. Bu sənədi hökumətin postneft dövrü üçün antiböhran tədbiri kimi də qiymətləndirmək olar. Sənədin qəbulu ilə 2013-2020-ci illəri əhatə edən və ancaq bahalı neft dövrünü nəzərdə tutan “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının “ömrü” başa çatdı.
Xəritənin uğuru həm də onun necə icra edilməsindən asılı olacaq. Sənəd “yaxşı qanun, pis icra” prinsipini özündən uzaqlaşdıra bilsə müəyyən müsbət nəticələr əldə edə biləcək”.
Yenicag.az
www.yenicag.az