2026-cı ildən icbari tibbi sığortaya görə kim pul ÖDƏMƏYƏCƏK? İqtisadçı şərtlərə AÇIQLIQ GƏTİRDİ/VİDEO
2026-cı ildən dövlət büdcəsindən İcbari Tibbi Sığorta Fonduna (İTSF) ayrılan vəsaitin əvvəlki illə müqayisədə ciddi şəkildə azalacağı gözlənilir. Qanunvericiliyə edilən dəyişikliklərə əsasən, heç bir yerdə işləməyən, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan şəxslər gələn ildən icbari tibbi sığorta xidmətlərindən istifadə üçün ödəniş etməli olacaqlar.
Qaydalara görə, həmin şəxslər 2026-cı il yanvarın 1-dən minimum əməkhaqqının 48 faizi həcmində illik sığorta haqqı ödəməlidirlər. Hazırda minimum əməkhaqqının 400 manat olduğu nəzərə alınarsa, bu məbləğ illik 192 manat təşkil edir. Yeni tələbin işsiz və gəlirsiz vətəndaşlar üçün çətinlik yaradacağı ilə bağlı sosial narazılıqlar artmaqdadır.
Mövzu ilə bağlı Yenicag.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, dövlət rəsmi şəkildə işsiz kimi tanınan vətəndaşların sığorta haqqını ödəməyə davam edəcək.

Onun sözlərinə görə, vətəndaş işləmək istəyir, lakin iş tapa bilmirsə, mütləq şəkildə məşğulluq orqanlarında işsiz kimi qeydiyyata düşməlidir.
“Yeni qərar yalnız öz şəxsi seçimi ilə işləməyən və işsiz kimi qeydiyyata durmayan şəxslərə şamil olunur. Dövlət vətəndaşa seçim imkanı verir. İstəyirsə, sığortalansın, istəmirsə, yox. Lakin sığortalanmayan şəxs icbari tibbi sığorta paketindən yararlana bilməyəcək”, – deyə ekspert qeyd edib.
Ətraflı videomaterialda:
Samir Məcid












