Bu gün günlərdən 28 aprel. Şərqin ilk cümhuriyyətinin süqut etdiyi gün. Bu tarixə sadəcə Azərbaycan pəncərəsindən baxmaq yanlışdır. 28 apreldə sadəcə Azərbaycan işğal edilmədi. Hər dəfə yıxılan dövlətinin küllərindən yeni dövlət quran türk böyüklərinin artıq yıxılacağı dəqiqləşən Osmanlı yerinə quracaqları o böyük Turan hədəfindən də uzaqlaşdırıldıq. Bu barədə az sonra…
***
O gün Süleyman Rüstəmin bir şeirini oxudum. Şeir Azərbaycan Cümhuriyyətinin qurucularına qarşı ən ağır sovet həqarətləri ilə zəngin idi. Nəsib bəydən Fətəli xan Xoyskiyə qədər adı yadı düşən hər bir şərəfli Azərbaycan övladını qumarbazlıqda, əyyaşlıqda, vampirlikdə suçlamışdı Sovetin Süleymanı. Nə isə… Sözüm onda deyil. O dövrün şərtləri bəhanə gətirilir, fəqət hər dövrdə işləmək çətindir. Rus olmayanlar rusluğun şitini çox vaxt çıxarırlar. Fəqət şeirdə bir məqam diqqətimi çəkdi.
Sinfimiz Apreldə zərbələr vurdu
Bəylərin , xanların qan sarayına.
Ürəkdə qoymadı kamını Aprel ,
Söndürdü “Turan”ın şamını Aprel.
Bəli, sovet ideologiyasının başlıca hədəfi Turan idi. O bizim Qızıl Almamız olan, kiminə görə, xəyal, bizə görə, hədəf olan Turan…
Yəni, 1920-ci il 28 aprel işğalının əsl hədəfi Azərbaycanı ya da başqa türk cümhuriyyətlərini işğal deyildi, Nə qədər qəribə də olsa, 27 apreldə (1909)taxtdan endirilən II Əbdülhəmidin bu coğrafiyada əkdirdiyi Turan toxumunu qurutmaq üçün ilk önəmli addım 28 apreldə (1920) atıldı. Necə ki, Türküstanın yenidən qurulması üçün Ənvər Paşa Orta Asiyada Osmanlının “Ulduz Kəşfiyyat”dan sonrakı ən güclü təhlükəsizlik təşkilatı olan “Təşkilati Mahsusa”nın önəmli isimləri ilə birlikdə Türk-İslam Birliyi qurmaq üçün çalışırdı.
Tacikistanda, Basmacı Hərəkatı ilə birlikdə Akop Melkovyan başçılığındakı bolşeviklərlə döyüş zamanı şəhadət şərbətini içdi.
Həyat nə qədər qəribədir. II Əbdülhəmidi taxtdan endirənlərin başında olan Saray Kürəkəni Ənvər Paşa sonradan səhvini anlayıb, Ulu Xaqanın ideallarının gerçəkləşməsi üçün həyatını fəda etdi.
Sadəcə, Ənvər Paşamı? Bu yolda nə qəhrəmanlar qurban verdi Türk dünyası…
***
Stalin repressiyası sadəcə Kremldə oturan bir neçə manyakın xalqların aydınlarını güllələtməkdən zövq alması deyildi.
Osmanlının küllərindən doğacaq o böyük Turanın önünü kəsmək idi əsl hədəf…
Süleyman Rüstəm demişkən, Turanın şamını söndürmək istəyirdilər…
Bəlkə söndürmədilər, ancaq Turanın gerçəkləşdirəcək nəsli ortadan qaldırdılar…
Turan üçün çalışacaq bütün düşüncə mərkəzlərini yerlə bir etdilər…
Qazaxıstandan Hindistana, Azərbaycandan Özbəkistana, Pakistandan Bosnaya qədər uzanan bir coğrafiyada Turanın baş tutmaması üçün çalışdılar və nə yazıq ki, başarılı oldular.
***
Bunun qarşısında biz nə etdik?
Aydınları repressiyalara qurban gedəndən sonra süleyman rüstəmlərə “aydın” dedik…
O böyük hədəfdən kiçik hisslər uğrunda savaşacaq duruma gəldik…
Bəlkə Sovetlərin dağılmasına sevindik, ancaq tam anlamı ilə müstəqil olduqmu?
Hansı türk dövləti hər anlamda müstəqildir?
Ən acınacaqlısı, Orta Asiyanı rusa təslim etdik…
Bu gün bölgədə istəsək də, istəməsək də, rusun təsiri o qədər böyükdür ki, onları yenidən qazanmaq belə Qızıl Almaya çevrilib…
28 aprel 70 il sonra bitsə də, əsarətimiz davam edir.
Turanın sönən şamını yenidən yandırmaq öncəliklə, bölgədəki bu təsiri ortadan qaldırmaqdan keçir…
Daha bir yetmiş il itirmək istəyirikmi?
İstəmiriksə, bunun üçün nə edirik?
Hədəfə gedən yola daş qoyuruq, yoxsa o yolda yürüyənlərin önünə?
Bəlkə də 28 aprelin bitdiyini düşünürük.
Ancaq əsl 28 aprel hələ də bitməyib…
İçimizdəki Əliheydər Qarayevlər, Həmid Sultanovlar, Qəzənfər Musabəyovlar, Dadaş Bünyadzadələr heç vaxt tükənməyəcək…
Biz Turan hədəfinə çatmağa çalışarkən, yeni Vəli Xuluflular, Ruhulla Axundovlar ayağımızdan çəkəcəklər…
Ancaq unutduqları tək məqam odur ki, türk düşməni olduğu zaman güclü olub…
Bəlkə yüz il, bəlkə iki yüz il Turanın önünü kəsəcəklər.
Ancaq Türk öz Qızıl Almasına bir gün mütləq qovuşacaq…
28 apreldə sönən şam yenidən yanacaq…
www.yenicag.az