28 aprelə müsavatçı və kommunist baxışı
Arif Hacılı: “28 aprel tarixi Azərbaycan üçün faciəli bir tarixdir”
Musa Tukanov: “28 aprel günü Azərbaycan tarixində böyük hadisədir”
Aprelin 28-i Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğalının 95-ci ilidir. 1920-ci ilin bu günü Әliheydər Qarayev kimi xəyanətkarların da iştirakı ilə Rusiya bolşevikləri Azərbaycanı işğal edərək, yenidən ölkəmizi müstəmləkəyə çevirdilər.
Görəsən, bu günü Azərbaycanda fəaliyyət göstərən solçu və sağçılar necə dəyənləndirirlər? Həmin günü bayram hesab etmək olar, ya yox?
Yenicag.az-a açıqlamasında Müsavat Partiyasının başqanı Arif Hacılı bildirdi ki, 28 aprel Azərbaycan üçün faciəli tarixlərdən biridir: “1920-ci ilin bu günündə Bakı XI Qızıl Ordu tərəfindən işğal olundu. Azərbaycanda 23 ay əvvəl yaranan, demokratik prinsip və dəyərlərə əsaslanan Xalq Cümhuriyyətinin süqutu məhz XI Qızıl Ordunun Bakını işğal etməsi ilə baş verdi. Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi altında başlanmış böyük siyasi islahatlara son qoyuldu. 70 il ərzində Azərbaycan yeni Rusiya imperiyasının tərkibində müstəmləkə şəraitində yaşamaq məcburiyyətində qaldı. Bu baxımdan 28 aprel tarixi Azərbaycan üçün faciəli bir tarixdir. Öz mahiyyətinə görə 28 apreli 1993-cü ilin 4 iyununda baş verən qiyamla müqayisə etmək olar. Həm 28 aprel işğalı, həm 4 iyun qiyamı Azərbaycanda başlanan demokratik islahatları, ölkəmizin sivil dünyanın tərkibi olmaq istiqamətindəki islahatlarını dayandırdı”.
Azərbaycan Vahid Kommunist Partiyasının sədri Musa Tukanov isə 28 apreli tarixi gün kimi dəyərləndirdi: “28 aprel Azərbaycanda yaşayan bütün zəhmətkeşlərin bayramıdır. Çünki, 28 apreldən sonra qurulan respublika zəhmətkeşlərin dövləti idi. Sovet bayrağında oraq və çəkic var idi, bu da onun fəhlə-kəndli hökuməti olduğunu göstərirdi. Bu adamlar istismardan azad oldular, başqaları üçün deyil, özləri üçün işləyirdilər. 28 aprel tarixi Azərbaycan tarixində böyük hadisədir. Belə bir dövlətin qurulması ilə Azərbaycan 70 ildə hər bir sahədə irəliyə doğru xeyli inkişaf etdi. Bu dövlət Azərbaycanın inkişafında böyük rol oynadı. Ona görə də həmin gün zəhmət adamları üçün bayramdır”.
Elçin