!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyənin halını gör, Azərbaycanı düşün!-Paralel acı gerçəklər

!Reklam – Yazi

“Susmaq” və “gizlənmək”. Dünyadakı casus şəbəkələrinin vazkeçilməzləridir. Təsadüfi deyildir ki, CIA, Mossad, BDN, MI6 kimi kəşfiyyat orqanlarında ən ağır işgəncədə belə danışmamaq üçün xüsusi təlimlər keçirilir. Bu səbəbdən də, hər hansı dini camaat nümayəndəsini müəyyənləşdirmək asandır, lakin xəfiyyəni deşifrə etmək bir o qədər çətindir. Çünki dini təriqət və ya camaat üzvünün qayəsi təbliğdirsə, xəfiyyəninki “SIZINTI”dır.

Gülən Örgütünün də illərdən bəri deşifrə edilməsinin önündəki ən böyük əngəl son dərəcə önəmli “GİZLİLİK” müddəasıdır. CIA tərəfindən yetişdirilən Gülən Örgütünün Çəkirdək Komandasının seçərək yetişdirdiyi insanların başlıca vəzifəsi bu gizliliyə sadiq qalmaları idi.

Gizliliklə bağlı Gülənin öz qələmindən oxuyaq:

“Asrın Getirdiyi Tereddütler 4″ adlı kitabda yazılanlar;

Edilən hərəkət kimə qarşı edilirsə, onlara qarşı fəaliyyətlərimiz özlərinin heç sezməyəcəyi və hiss etməyəcəyi şəkildə etdirilmədən edilməlidir. Bunu gedib hədəfi vurub və yaralanmadan da dönə bilmə kimi bir ifadə ilə də söyləmək mümkündür(Səhifə: 207).

“Fasıldan Fasıla 1″ adlı kitabda yazılanlar;

Məsuliyyətli bir xidmətçi söyləyəcəyi şeyləri hər dəqiqə deməz. O, söyləməməsi vacib olanları vaxtından əvvəl söylərsə, ona yaşama haqqını tanımayanlar meydana çıxa bilərlər. Şərtlər onun əleyhinə dönə bilər. Dolayısı ilə sıxıntılı bir atmosferə düşə bilər(Səhifə:119).

Madam ki, sən pak, təmiz bir hizmət üçün çalışırsan, bu qədər gizliliyə önəm vermənin anlamı nədir? Birisi “sən polisə girəcəksən, ona görə, məsciddə namaz qılma” təlimatını açıqlaya bilərmi? Və ya “sən orduya “sızacaqsan”, içki iç, onlar kimi ol, səndən şübhələnməsinlər” təlimatı Qurana nə qədər uyğundur? Bütün bunlar günümüzün Türkiyəsində və Azərbaycanda yaşandı və yaşanır.

Bütün bu şəbəkə və gizlilik nə anlama gəlir?  Hələ illər öncə Gülən haqqında Dövlət Təhlükəsizlik Məhkəməsinin iddianaməsində yazılırdı:

Fətullah Gülən gizliliyə meyilli fəaliyyəti, tərəfdarlarının ona son dərəcə bağlı olması, təsirli, qərarlı və mərkəzi idarəetmə sistemi ilə çalışan şəbəkəsi ilə ən güclü ekstremist şəbəkədir.

Fətullah Gülən hərbi, hüquq, təhsil və mülki təşkilatlar ələ keçirilməsi vacib olan quruluşlar olaraq görür.

Fətullah Gülən ilk mərhələdə açıq mübarizə ilə hədəfə çatmanın çox ciddi zərər verəcəyini dəqiqləşdirdiyi üçün, mövcud sistemi yıxmaq əvəzinə, dövlət modelinə uyğun alternativ bir sistem qurmağı hədəf seçib. Yəni, Paralel Yapı.

Bu səbəbdən də illərlə varlıqlarını davam etdirən və önlərindəki əngəli hər zaman maşa ilə ortadan qaldıran Gülər Örgütü deşifrə olunmamaqla yanaşı güclənirdi. Bu zamana qədər ona yol verənləri belə yıxacaq duruma gəlmişdi…

Gülən Örgütünün onun başqa versiyaları olan Opus Dei və Moon təriqətlərindən tək fərqi özünü iqtidarı yıxacaq gücdə görməsi oldu. Əslində, qarşısında Ərdoğan deyil, istənilən digər türk partiya sədri olsaydı, bu plan reallaşacaqdı. Gülən ilə ilgili ilk kitabın müəllifi olan Latif Ərdoğanın dediyi kimi, “Gülənin dərdi Xomeyni kimi qarşılanmaq” idi…

Fəqət oyun pozuldu. Ardınca Gülən bütün silahlarını işə salsa da, illərdən bəri “xoşgörü”, “dialoq”, “barış” elçisi olanların iç üzü ortaya çıxdı.

Bəlli oldu ki, üzdə barış istəyən bu qrup əslində şantaj, təhdid və daha çirkin üsullarla insanlar üzərində “Qorxu İmperiyası” yaradıb. Elə bir sistem qurulub ki, haqqı pozulan haqqını aramaqdansa susmağa üstünlük verir. Əks halda biabır olacaq… Məsələn, Gülən deyir ki, “bir nazir sevgilisi ilə görüşə gedirdi. Həmin görüşdə onu təhlükə gözləyirdi. Mən zəng edib, xəbər verdim”.

Siz Gülənin təmsil etdiyi gücə diqqət edin. “Hizmət könüllüsü”, ömrünü xalqa həsr etməklə bu sözləri bir araya qoymaq mümkündürmü? Madam ki, Gülən Hizmət Hərəkatının lideridir, o zaman gizli çəkilişlər, hansı nazirin harada sevgilisi ilə görüşməsi və s. məsələlərlə əlaqəsi olmamalıdır, ya olmamalıdır? Nə üçün bu kimi məlumatlar “ömrünü elm-irfana həsr etmiş” birinə gəlməlidir? Demək ki, Gülən sadəcə “elm-irfanla” deyil, başqa işlərlə də məşğuldur. Başqa iş kateqoriyası isə içərisinə casusluq, silahlı terror şəbəkəsi qurmaq, dövlət içində dövlət qurmaq, çevriliş etmək kimi bir sıra faktorları da içərisinə alacaq qədər geniş məfhumdur.

Bu səbəbdən də 17 dekabr 2013-cü il bu məsələ ilə bağlı yeni bir dönəmdir. Bəlkə o dövrə qədər Gülənlə bağlı tərəddüd edənlər olsa da, 17 dekabr Gülənin əlində güc olarkən, “hizmətçi”dən acımasız  bir despota çevrildiyini göstərməkdədir.

Məhz 17 dekabrda bir çoxlarına bəlli oldu ki, dövlət rəhbərlərinin belə ən xırda özəl işləri bunların əlindədir. Polis sistemini tamamilə ələ keçirən Gülən Örgütü dövlətin öz imkanlarından dövlətin özünə qarşı istifadə edib.

Heç şübhəsiz ki, 17 dekabr 2013-cü il qədər 14 dekabr 2014-cü il də çox önəmlidir. Dövlət çevrilişinə cəhddən “maymuncuq” dediyi müxalifət lideri ilə ortaq hərəkətə qədər bütün yollara baş vuran Gülən Örgütü 14 dekabrda bir daha varlığını ortaya qoydu.

Bəlli oldu ki, Gəzi Parkı hadisələrində xalqı üsyana çağıran “Zaman” qəzeti Fələstinə yardım aparan gəmi üçün “İsrail rəhbərliyindən icazə alınmalıydı” desə də, öz ölkəsinə qarşı inqilabdan çəkinmir. Öz ölkəsinə qarşı inqilabdan çəkinməyən bir şəbəkə milyonlara hökm etdiyi Azərbaycanda kiminsə gözünün yaşına baxarmı?

Nə üçün Gülən 10-15 il öncə bunu etmirdi? Bunun cavabı Gülən Azərbaycana göndərdiyi Faruk Arslana dediyi sözlərdə gizlidir: “Yağmur Gözlü (oxu: Fətullah Gülən) bizə buyurdu: “Media gücünüz oradakı təhsil və digər fəaliyyətlərinizin yol açıcısı, qoruyucusu və önəmli partnyoru olacaqdır. Səbr edin, tələsməyin. Bir nəsil yetişdirmək ən az 25 il istər. Olmur deyə, ümidsizliyə qapılmayın”.  Yəni, “25 il meyvə gözləməyin, səbrli olun” tövsiyyəsi ilə hərəkət edib, qısa müddət ərzində bəhrə gözlənilmirdi. Ancaq çiçəklər çox tez açacaqdı. Çünki zaman və zəmin susuzluqdan, həsrətdən çatlamışdı”(Faruk Arslan, “İlk Mühacirlər” kitabı).

Gülən “qızıl nəsil” tam yetişmədiyi üçün 15-20 il öncə hər kəsə “dayı” deyirdi… Bu gün isə o nəsil Türkiyədə və dünyada dövlət qurumlarında, iş dünyasında mühüm yerlərdədirlər. Gülən də bu səbəbdən özünü dövlətə meydan oxuyacaq səviyyədə hiss etdiyindən Ərdoğana meydan oxudu…

Eyni tale Azərbaycanı da gözləyir. Dövlət qurumlarının içərisinə sızmış F tipi kadrlar bu gün də öz fəaliyyətlərini davam etdirirlər. Adı çox önə çıxmış gənclər imamları qismən zərərsizləşdirilsələr də, onlardan bayrağı alan İxtiyar Hüseynli, Fərhad Məmmədov, Xalik Məmmədov, Kənan Məmmədov və digərləri hələ də Gülən Örgütünün Azərbaycanda ayaqda qalması yolunda fəaliyyətlərini davam etdirirlər. Məhz onların, xüsusilə də Rəsul Quliyevin yaxın adamı olmuş Xalik Məmmədovun dəstəyi ilə Azərbaycanda fəaliyyəti dayandırılmış kimi görünən bütün Gülən lisey və hazırlıq kursları başqa adlar altında fəaliyyətlərini davam etdirməkdədirlər. Türkiyədə oynanan oyun Azərbaycanda təkrarlanır. Burada da eyni ilə dövlətin pulu və imkanları ilə Gülən Örgütü bəslənir. Gülən Örgütünün Azərbaycandakı şirkətləri dövlətin proyektlərində, xüsusilə Xalik Məmmədov və oğlu Kənan Məmmədovun nəzarətində olan lahiyələrdə “tenderçilik” oyunları ilə Gülən Örgütünə verilir. Məsələn, nədənsə, Xalik Məmmədovun nəzarətində keçirilən sərgilərin reklam işlərini həmişə Gülən Örgütünə bağlı bir AKTİV bir REKLAM şirkəti görür.

Bu gün bir çoxları düşünür ki, Gülən Örgütü məhkəmə tərəfindən terror təşkilatı elan ediləndən sonra şəbəkə dağılacaq. Təcrübə göstərir ki, terror təşkilatları bir-iki məhkəmə ilə dağılmaz. Əksinə ya hücrələr “yuxuya gedər”, ya da sonuna qədər mübarizə aparar. Bu Azərbaycanda da Elnur Aslanovun “vurulması” ilə Örgütün bitdiyini düşünənlərə də aiddir. Örgüt bu kimi olaylara hazırlıqlı olduğundan hədəf çaşdırır. Necə ki, Gülənlə əlaqəsi olmayan dindarlar Azərbaycan hüquq-mühafizə orqanlarına hədəf göstərilərək, Türkiyədə “Ərdoğan müsəlmanları Azərbaycanda həbs etdirdi” təbliğatından istifadə etdikləri kimi…

Eyni zamanda həm müxalifətdə, həm iqtidarın içində olan Gülən Örgütü üzvləri arasında birlikdə hərəkət etmək mövzusunda heç bir psixoloji baryer yoxdur. Bu səbəbdən də onların sabah mövcud iqtidara qarşı birləşmələri də problem deyil. Necə ki, Elnur Aslanov ilə müxalifətdəki bir sıra şəxslərin isti münasibətinə dair xeyli məqamlar var. Xüsusilə, ABŞ yönümlü müxalif qrupların Elnur Aslanovun SAM-ı tərəfindən dəstəklənməsi barədə də iddialar mövcuddur. Elnur Aslanovun varisləri Fərhad Məmmədov və İxtiyar Hüseynlinin keçmişləri də gələcəkdə müxalifətlə ittifaqa yox deməyəcək bir Gülən Ordusundan xəbər verir.

O ordu Türkiyədə olduğu kimi son dərəcə gizlilik prinsipinə tabedir və böyük bir əksəriyyəti Azərbaycan dövlətinin mühüm qurumlarında ikinci, üçüncü postları tutmaqdadırlar…

Xalik Məmmədovun adının önə çıxmasına gəlincə, hazırda dövlət içindəki Gülən Örgütünün kadrlarının arxasında nə yazıq ki, dövlətin etimad göstərdiyi bu şəxs dayanmaqdadır. Mühüm dövlət vəzifəsindən Gülən Örgütünün Azərbaycandakı imamları Ənvər Özeren və Məsud Kurnazı qorumaq üçün istifadə edən X. Məmmədovun Türkiyə və Azərbaycanda qurduğu BEYİN QRUPU təəssüf ki, mənsub olduğu quruma deyil, Şəbəkəyə xidmət etməkdədir.

Beyin Qrupunda kimlər yoxdur ki?

Kənan Məmmədov orada olsa da, atası bu qrupa rəhbər seçməyib. Onun yerinə bu gizli qrupa rəhbərlik bir neçə ay öncə yanında işə götürdüyü İlham Mehrəliyev adlı şəxsi önə sürüb. Gülən Örgütünün Azərbaycanda yetişdirdiyi seçmə gənclərdən olan İlham Mehrəliyevə müavinlik edən isə həm də İstanbulda Kənan Məmmədova yardımçı olan Samir Kərimli və Tural Abasquliyevdir. Fərhad Məmmədovun, SAM-ın keçmiş əməkdaşı Rövşən İbrahimovun və digərlərinin də daxil olduğu qrup hazırda Gülən Örgütünü Azərbaycanın gözündə təmizə çıxarma prossesi üzərində çalışır. Bir neçə türk diplomatının da dəstək verdiyi qrup TUSİAB-ın Azərbaycan-ABŞ əlaqələrində önəmindən bəhs edərək, Amerikadakı Gülənist təşkilat və şirkətlərlə əlaqələri yenidən Gülən örgütü xətti üzərindən qurulmasında israr edirlər. Azərbaycanın ABŞ-da lobbiçilk fəaliyyətlərini yenidən Gülən Örgütünə vermək tərəfdarı olanlar ölkəmizin parası ilə yenidən Fətullah Güləndən asılı olmağımıza çalışırlar…

Nəticə etibarı ilə qeyd etmək lazımdır ki, Gülən Örgütü liderinin “dayanmış kimi görünsən də, paslanmamaq üçün hərəkət et” prinsipinə sadiqdir. Liseylər başqa ada keçsə də, idarəçiliyini əllərindən verməyənlər bütün sahələrdə mövqelərini qorumaqdadırlar. Təbii ki, sapı özümüzdən olan və Heydər Əliyev yolunu öz ölkəsinin məhkəməsi tərəfindən terror lideri adlandırılan birisinin yoluna dəyişənlərin yardımı ilə…

 

Aqil ƏLƏSGƏR

İstanbul

COP29

www.yenicag.az

893
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv