İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə daxil olan müraciətlərin təhlili zamanı bir sıra internet portallarında mövcud qanunvericiliyin tələblərinə zidd olaraq qanunsuz idman mərc oyunlarının reklam edildiyi müəyyən olunub.
Yenicag.az xəbər verir ki, bu barədə Dövlət Xidməti məlumat yayıb.
Məlumata görə, bu cür reklamlarda həmin qanunsuz oyun və lotereyalarda iştirakın cəmiyyətdə nüfuz qazanmaq vasitəsi olması fikri aşılanır, həmçinin qazanc əldə edilməsinə zəmanət verilməsinə dair fikirlər də yer alır ki, bu da müvafiq qanunvericiliyin tələblərinə ziddir.
İdman obyektlərində, eləcə də bədən tərbiyəsi-sağlamlıq tədbirləri və yarışlarının keçirildiyi digər yerlərdə reklamın yerləşdirilməsi və yayımı qaydası, habelə idman mərc oyunlarının reklamına dair tələblər “Reklam haqqında” Qanunla tənzimlənir. Qanuna əsasən, mərc oyunları müvafiq icra hakimiyyəti orqanının qanunvericiliklə müəyyən etdiyi qaydada akkreditasiya olunmuş hüquqi şəxs (idman mərc oyunlarının operatoru) tərəfindən həyata keçirilir.
Qumar oyunları, həmçinin “Bədən tərbiyəsi və idman haqqında” və “Lotereyalar haqqında” qanunlarla müəyyən edilmiş qaydada dayandırılmış, ləğv edilmiş və ya keçirilməsi qadağan edilmiş idman mərc oyunlarının və lotereyaların reklamı Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Reklamı qadağan olunan əmtəələrin Siyahısı”na daxil edilib. Dayandırılmış, ləğv edilmiş və ya keçirilməsi qadağan edilmiş idman mərc oyunlarının reklamına yol verilmir.
İnzibati Xətalar Məcəlləsinə əsasən, qumar oyunlarının və ya belə oyunların təşkilatçısının (operatorunun) və satıcısının, həmçinin keçirilməsi qadağan edilmiş və yaxud keçirilmə hüququ əldə edilməmiş stimullaşdırıcı lotereyaların və qeydiyyata alınmamış digər lotereyaların reklamına görə fiziki şəxslər üç min manat, vəzifəli şəxslər yeddi min manat, hüquqi şəxslər isə 40 min manat cərimə olunurlar.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bu cür reklamların yerləşdirilməsi ilə əlaqədar araşdırmalara başlayıb. Araşdırmaların nəticələrinə uyğun olaraq, qanun pozuntularına yol vermiş bazar subyektləri barəsində tədbirlər görüləcək.
www.yenicag.az