Türkiyədə seçkilər yaxınlaşdıqca, Fətullah Gülən-Ərdoğan qarşıdurması şiddətlənməkdədir. Türkiyənin mövcud hakimiyyətinə qarşı radikal mübarizə aparan Gülən Şəbəkəsi Davudoğlu üzərindən hakim partiyanı “vurdu”. Baş nazirin keçmişdə Güləni və işıq evlərini ziyarət etdiyi bilgisini sosial mediaya yayan fətullahçılar bununla Ərdoğana göz dağı vermək istədilər.
Savaş daha çox həbs olunanların azadlığa çıxma planının baş tutmaması və Milli Təhlükəsizlik Şurasının Gülən Şəbəkəsinin adını “leqal görünən qeyri-leqal terror örgütü” olaraq, “Qırmızı Kitab”a salması ilə daha da şiddətləndi. Çünki dövlətin siyasətini və strategiyasını müəyyənləşdirən bu kitab Gülən üçün ən az 5 il (kitab 5 ildən bir yenilənir) dövlətin hədəfində olmaq deməkdir. Bu qərardan sonra istənilən hökumət və diplomatik quruluş Gülən tərəfdarlarına dəstək verərsə, dövlətin düşməninə yardım etmək ittihamı ilə mühakimə olunacaqdır.
“Zaman” qəzetinin sabiq yazarı, bir zamanlar Gülənin sözçüsü olan Hüseyin Gülerce bu mövzuda danışaraq, Gülənin ən böyük xətasının Ərdoğanı tanımamaq olduğunu bildirib. O, “Paralel Şəbəkənin iş bitib. 8 iyundan sonra qaçmağa yer axtaracaqlar” deyib.
Gülerce qeyd edib ki, “Mən bu şəbəkəni çox yaxşı tanıyıram. Gülənin fikri “Əsla təslim ola bilməyəcəksiniz” şəklindədir. Mən onun üçün ‘Paralel Şəbəkə, camaatı qıra qıra, qırdıra qırdıra sonuna qədər gedəcək “deyirəm. Əslində bu addımları ilə “Hizmət”dəki təmiz insanlara zərər vururlar, ancaq bunu ustalıqla edir, elə imic yaradırlar ki, guya onları qoruyurlar. Halbuki iqtidar həqiqətən saf duyğularla millət üçün çalışanlarla, Xidmət Hərəkatı ilə deyil, bu hərəkatdan öz maraqları naminə istifadə edən, xəyanətkar bir şəbəkə-Paralel Dövlət Terror Təşkilatı ilə mübarizə aparır.”
Gülənin bir başqa köhnə silahdaşı, onun haqqında ilk kitabın- “Kiçik dünyam”ın yazarı Latif Erdoğan da “Qırmızı Kitabda son bulmaq” başlıqlı yazısında onun necə pis bir cığır açdığının fərqində olub-olmadığından yazıb. Bundan sonra həmin yolda yürüyənlərin vəbalının da Gülənin üzərində olduğunu qeyd edən Erdoğan “ağlı olanın Gülənə baxışını yenidən nəzərdən keçirməsində fayda var” söyləyib.
“Bütün dünyanı “darulharb” (kafir məmləkəti) görən, özünə sədaqət andı etmiş camaat üzvlərinin xaricində hər kəsi düşmən elan edən bir zehniyyətdən danışırıq. Güc üstünlüyü meydana gəldiyində hər kəsi özünə tabe etdrmək istəyən qlobal bir təhlükədən söz edirik. Hərb hiylədən ibarət olduğuna görə, özləri xaricində hər kəsə qarşı ediləcək hiyləni qanuni və zəruri görən və buna da müqəddəslik donu geydirən bir düşüncədən söhbət gedir. Elə isə diqqət etməli, bunlarla mübarizənin uzun bir mübarizə olacağını əsla unutmamalıyıq” yazan Latif Erdoğan MTŞ qərarını yüksək qiymətləndirib.
Bunun sonun başlanğıcı olduğunu qeyd edən Erdoğan bildirib ki, “Bu qərar daxili və xarici siyasətdə mühüm rol oynayacaq. Gülən Örgütünün terror təşkilatları siyahısına alınması dünyada onları küncə sıxacaqdır. Başda Amerika olmaq üzrə digər dünya ölkələri də zamanla bunu qəbul etmək məcburiyyətində qalacaqlar. Bu quruluş dini arqumentləri istismarla özünü qorumağa çalışdığı üçün onlarla mübarizənin ən ön cərgəsində Diyanət və İlahiyyat camiəsi olmalıdır”.
İki ildən bəri seçkilərdə ard-arda məğlub olan Gülənin bu seçkilərdə də məğlub olacağını bildiyi üçün ümidi ABŞ-dakı prezident seçkilərinə saxladığını qeyd edən Erdoğan Camaatın Klintona ümid bəslədiyini yazıb: “25 Aprel ədliyyə çevrilişi uğurlu olsaydı, yəni iki icazəsiz hakimin, camaat üzvlərini azad etməklə bağlı verdikləri qanunsuz qərar həyata keçirilsəydi, siyasi üstünlük ələ keçər və seçkidə nəticə əldə edə bilərdilər. Ancaq dövlət bunların planını boşa çıxardı. Artıq ümidləri Amerikadakı prezident seçkisinə qalıb. Hillari Klintonun başqan seçilməsini gözləyirlər”.
Yenicag.az
www.yenicag.az