Gülənin əlində partlayan bomba: “Tahşiyə” – Video

yenicag.azGülən Şəbəkəsinin kodları sökülməyə başlayıb. 40 ildən bəri Türkiyədə və dünyada ciddi bir şəbəkə quran Gülən Şəbəkəsi ötən ilin sonunda etdiyi səhvin bədəlini ödəyir. 17 dekabr 2013-cü ilə qədər Türkiyədə ən böyük iqtidar ortağı olan Gülən ilk dəfə rəsmən hakimiyyət çevrilişinə cəhd etdi. Bundan öncəki dönəmlərdə dolayısı ilə hökumətlərin kadrolarına sızmaq, önəmli yerləri ələ keçirmək üzrə profesionallaşan Şəbəkə ilk dəfə dövlət içindəki gizli ordusu ilə Ərdoğanı yıxmaq istədi.

Bu bir ilk deyildi. İllər öncə Özbəkistan Prezidenti İslam Kərimov da ABŞ-ın maraqlarına cavab vermədiyi üçün Gülənin məktəblərindən birində hazırlanan sui-qəsd planı ilə aradan götürüləcəkdi. Ancaq plan baş tutmadı.

Eynilə ötən ilin əvvəlində başladılan əməliyyat mükəmməl hesablansa da, Ərdoğan dirəniş göstərərək, nəinki prossesi öz lehinə çevirə bildi. O cümlədən, bir müddət öncə MİT başqanı Hakan Fidan və Gəzi Parkı olaylarının arxasındakı gücün də Gülən olduğunu üzə çıxardı. Çünki Fidanın həbs olunmasının istənilməsi Ərdoğanı zəiflətmək, Gəzi Parkı isə iqtidarı yıxmaq planı idi. Hər iki məsələdə Ərdoğanın dirənişi Camaatı daha ciddi plan üzrə işləməyə məcbur etdi və nəticədə “bomba” öz qucağında partladı.

Gülənə qarşı ən tutarlı dəlil: Tahşiyə

Bu gün “Zaman” qəzetinin baş redaktoru Əkrəm Dumanlının, “Samanyolu” Yayın Qrupu başqanı Hidayət Qaracanın, “Tək Türkiyə” serialının memarlarından Engin Koç, “Bu gün” qəzetinin yazarı Nuh Gönültaşın həbsinə yol açan “Tahşiyə” əməliyyatıdır. Bu əməliyyat Gülənin Türkiyədə dindarlara qarşı keçirdiyi əməliyyatdır. 2005-ci ildən etibarən Güləni dini cəhətdən ifşa edən kitablar yazan Səid Nursinin varisi Hacı Hülusi Yahyagilin tələbəsi Molla Muhamməd Doğan və onun kitablarını çap edən “Tahşiyə” Yayın Evi şəxsən Gülən tərəfindən herkul.org-dakı çıxışı zamanı hədəf göstərildi. Ardınca, “Tək Türkiyə” serialının 64 və 66-cı bölümlərində “Tahşiyə” adlı terror örgütündən bəhs edildi. Nuh Gönültaşın da haqqında yazdığı “Tahşiyə”dən qısa müddət sonra Muhamməd Doğan və “Tahşiyə”çilər adlandırılanlar “əl Qaidə” terror təşkilatı ilə əlaqələndirilib həbs edildilər. Terror örgütü adlandırılan qrupda bir silah belə tapılmamışdı. Doğan isə təqaüddə olan imam və təkbaşına yeriyə bilməyən MS xəstəsi idi. Günahı isə Gülənə qarşı çıxmaq idi. Məhkəməni dəfələrlə təxirə salaraq, 19 ay içəridə saxlandıqdan sonra “terrorçular” ilk məhkəmədə heç bir dəlil olmadığına görə, azad edildilər. Bu məhkəmə işi Türkiyədə “Gülənə toxunan Səid Nursi olsa belə yanar” qənaətini yaratmışdı.

Bu baxımdan da “Tahşiyə” Gülən Şəbəkəsinə qarşı ən güclü dəlillərdən biridir. Bu gün “məzlum”u oynayan Əkrəm Dumanlı və digərlərinin zamanında sırf onlara qarşı müxalif olduğuna görə, məsum insanları aylarla necə zülmə məruz qoyduğuna dair ən güclü dəlildir.

***

Bir dəfə də bu mövzuya toxunmuşdum. Fətullah Gülən Şəbəkəsi ilə bağlı bir çox insanın tərəddüdünün səbəbi bu örgütün klassik terror örgütlərinə bənzəməməsidir. Bu örgüt əsasən içəriyə sızma, adam yerləşdirmələrlə tipik casus şəbəkəsidir. Fəqət iddiaları ilə ənənəvi casus şəbəkələrinin bir üst modelidir. Yəni, Camaat Yapılanmasını düzgün analiz etmək üçün öncə onun hansı qrupa aid olduğunu müəyyənləşdirmək lazımdır. Bu gün Türkiyədə yaşananlar heç də bir mediaya basqı deyil. Gülən illərlə o TV və dizilərlə təlimatlarını verərək, günahsız insanları içəridə çürütdü. Doğrudur, o zamanlar Ərdoğan ilə ittifaq qurmuşdu. Ancaq 2007-ci ildə dediyim kimi, o əməlyyatları idarə edən Gülən idi. Məhz Gülənə qarşı olanlar içəri atıldı. “Terror örgütünün kassası” adı verilərək həbs edilənin kəfən parası belə yox idi…

***

Güləni Bağdadi ilə qarşılaşdırarsaq, yanılarıq. Ancaq Lavrenslə qarşılaşdırarsaq, daha dəqiq olar. Çünki Osmanlıya qarşı ingilis Lavrens ərəbləri ayağa qaldırmaq üçün özünü müsəlman din adamı kimi təqdim edirdi. Hamı onu müsəlman sayırdı. O, isə həm casusluq edir, həm də heç bir terror təşkilatının bacara bilmədiyi üsyana təşkilatçılıq edirdi.

Ənənəvi terror təşkilatı üçün şou çox önəmlidir. Əməliyyatı planlayır, icra edir, imzasını atır və beləliklə, şou həyata keçirilir. Casus tipli təşkilatlarda isə önəmli olan gizlilikdir. Yəni, əməliyyatı planlayır, həyata keçirir, başqası etmiş kimi görüntü verir və izi itirir. Baxın, ölkəmizdə Gülən camaatından başqa özünü gizlədən varmı? Sadəcə son 2-3 ildə Camaatın Azərbaycan imamlarından Elnur Aslanovun başgicəllənməsi nəticəsində gülənist gənclərin bir çoxu özlərini deşifrə etdilər. Lakin bu gün dövlətin içində, Milli Məclisdən mətbuat orqanlarına qədər hər yerdə öz mövcudiyyətlərini qorudular.

***

Bu gün mənə qarşı başladılan və məndən xəbərsiz keçirilən məhkəmə prossesi də bir daha göstərir ki, Gülən Türkiyədə mövqelərini itirsə də, Azərbaycanda dirəniş göstərir. Bunun üçün də ilk növbədə bu haqda danışanları susdurmaq istəyirlər. Biz Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu dövlətin bel sütunu olan SOCAR-a soxulan Gülənist qrupla mübarizə aparığımız halda, bu SOCAR-ın işgüzar nüfuzuna zərbə kimi qələmə verilərək, məhkəməyə verilirik. Əslində isə SOCAR-ın işgüzar nüfuzuna Gülənin xeyir-duasını alanlara qucaq açanlar, dövlətin pulu ilə Gülənin cocuqlarını xaricdə oxudanlar vurur. Gülənin Azərbaycandakı imamları Ənvər Özərən və Məsud Kurnazı himayə edənlərmi Türkiyə-Azərbaycan əlaqələrini baltalayır, yoxsa biz? Bütün bu suallara növbəti yazımızda aydınlıq gətirəcəyik.

 

Qeyd. Gülən Şəbəkəsinə qarşı əməliyyat üçün alınan məhkəmə qərarında bu ifadə diqqət çəkdi: “Türkiyə Cümhuriyyəti Dövlətinin suverenliyini ələ keçirmək məqsədi ilə təzyiq, qorxutma və təhdid üsullarını istifadə edərək, örgüt şəbəkəsi qurmaq, bu şəbəkəyə qarşı olan insanlara qarşı mütəşəkkil şəkildə böhtan, iftira, həbs metodlarından istifadə etmə, sənədlərdə saxtakarlıq…” Azərbaycanda isə hələ də bunları mələk sayanlar var, bunlarla ortaqlıq edənlər var…  Yenicag.az-ı susdurmaq istəyənlər kimi…

Aqil ƏLƏSGƏR