Tanınmış ilahiyyatçıdan Əlixan Musayevin SON VİDEOSU ilə bağlı SƏRT REAKSİYA - “İŞİD ideologiyasını…”
Bu günlərdə radikal dindarlardan sayılan Əlixan Musayevin növbəti səs yazısı yayılıb.
Həmin səs yazısında Ə. Musayevin dini ayrı-seçkilik saldığı vurğulanır. Məsələni şərh edən ilahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov sərt ittihamlarla çıxış edib:

“Əlixan Musayevin gənclər arasında apardığı bu təbliğat açıq şəkildə radikalizmə, təkfirçiliyə və İŞİD ideologiyasına xidmət edir. Onun çıxışlarında bir müsəlmanın kilsəyə hətta maraq məqsədilə daxil olmasının küfr sayılması, insana ‘kafir’ damğası vurulması, cənazə namazının qılınmaması kimi fikirlər xəvaric və İŞİD düşüncəsinin kopyasıdır”.
İlahiyyatçı qeyd edib ki, bu cür çağırışlar keçmişdə böyük faciələrə yol açıb:
“Bu, həmin Əlixan Musayevdir ki, vaxtilə verdiyi ‘cihad’ çağırışları minlərlə azərbaycanlının İŞİD kimi terrorçu qruplara qoşulmasına, ailələrin dağılmasına və gənclərin məhv olmasına səbəb olmuşdur. Bunun məsuliyyəti təkcə silah tutanların yox, həm də onlara ideologiya verənlərin boynundadır. Bu gün həmin zehniyyət başqa dinlərə nifrət toxumu səpir, müsəlmanları asanlıqla kafir elan edərək cəmiyyətdə düşmənçilik yaradır. Bu yol İslamın deyil, qan, fitnə və fəsadın yoludur”.
Yenicag.az












