Əvvəl ayaqlarını itirdi, sonra da... – Arzularını son mənzilə daşıyan MƏŞHUR
Danışığından tutmuş görünüşünə qədər koloritli sənətkar idi. Canlandırdığı bütün obrazlar özü kimi bənzərsizliyi ilə seçilirdi. Ən əsası, sevilirdi, fərqlənirdi…
Söhbət Xalq artisti, mərhum aktyor Muxtar Maniyevdən gedir. Bu gün onun xatirə günüdür.
“Ölsəm, bağışla”, “Bəyin oğurlanması”, “Bizim Cəbiş müəllim”, “Bakıda küləklər əsir”, “O qızı tapın”, “Nəsimi” və onlarla digər Azərbaycan filmində yaratdığı yaddaqalan obrazlarla adını kino tariximizə əbədi həkk etdirib.
Muxtar Maniyev ampluasız aktyor idi. Müsbət rolları nə qədər ustalıqla oynayırdısa, mənfi obrazların öhdəsindən də bir o qədər məharətlə gəlirdi. Hətta mənfi rollarına görə qazandığı tamaşaçı nifrətini özü üçün ən böyük uğur sayırdı.
Yaşa dolsa da, Muxtar Maniyev tələbatlı aktyor idi, rejissorların diqqətini daim üzərinə çəkməyi bacarırdı. Amma amansız xəstəlik onu uzun müddət çəkiliş meydançasından uzaq saldı. Buna görə xiffət edən aktyor bir tərəfdən ürək, digər tərəfdən isə şəkər xəstəliyinin ağır fəsadları ilə üz-üzə qaldı. Əvvəlcə bir ayağı amputasiya olundu. Lakin bu ağır zərbə də onun filmə çəkilmək arzusunu söndürə bilmədi. “Filmə çəkilsəm, sağalaram”, deyib ümidlə dəvət gözlədi. Amma gözlədiyi o dəvət gəlmədi…
Bu laqeydlik onu daha da ümidsiz vəziyyətə saldı. Xəstəlik irəlilədi və aktyorun digər ayağı da kəsildi. Vəziyyəti getdikcə pisləşən sənətkar 22 dekabrda həyata vida etdi. Kinoda və həyatda yarımçıq qalmış arzularını da özü ilə bərabər son mənzilə daşıdı.
Muxtar Maniyev milli kinomuzda yaratdığı bənzərsiz obrazları ilə sənət ömrünü bu gün də davam etdirir. Yetər ki, o filmlər televiziya ekranlarında daha tez-tez nümayiş etdirilsin.
Cəvahir












