Yeni “WhatsApp” dələduzluğundan XƏBƏRDAR OLUN: Əks halda çox şey itirəcəksiniz

media-hightechnic-468x90

 

“WhatsApp” istifadəçilərini hədəf alan yeni və daha mükəmməl bir dələduzluq üsulu peyda olub. Buna “gizli qoşulma” (Ghost Pairing) deyirlər. Bu üsul sayəsində dələduzlar sənin “WhatsApp” hesabını ələ keçirmək üçün nə parolu sındırmağa, nə də birbaşa mesajlarını oxumağa ehtiyac duymur.

Proses adətən sənin güvəndiyin bir tanışından gəlirmiş kimi görünən çox sadə və zərərsiz bir mesajla başlayır. Məsələn, belə bir mesaj ala bilərsən: “Salam, bu şəkildəki sən deyilsən?” və ya “Şəklini elə indicə tapdım”. Mesajın içindəki keçid elə görünür ki, guya sosial şəbəkədə paylaşılmış bir fotoya və ya məlumata aparır.

Sən bu linkə klikləyəndə, əslində, məşhur və tanış bir saytı xatırladan, amma tamamilə saxta olan bir veb səhifəyə yönləndirilirsən. Orada səndən bəzən giriş etməyin, bəzən bir şeyi təsdiqləməyin, bəzən də telefonunda nəyəsə “icazə verməyin” istənilir. Bu mərhələdə məqsəd sənə hiss etdirmədən “WhatsApp” hesabını başqa bir cihaza qoşmaq və ya sənə aid sessiyanı öz üzərlərinə keçirməkdir.

“Gizli qoşulma”nın təhlükəli tərəfi odur ki, bu hücum çox vaxt sənin etibar etdiyin birinin hesabı artıq ələ keçirildikdən sonra onun adından göndərilən mesajlarla yayılır. Yəni sən fikirləşirsən ki, “bu, mənim tanışımdır, niyə mənə zərər versin ki?”, amma əslində yazan dələduzdur. Nəticədə sən linkə klikləyirsən, sənə təqdim edilən addımları yerinə yetirirsən və fərqinə varmadan “WhatsApp” hesabına üçüncü tərəfin daxil olmasına icazə vermiş olursan. Sonra onlar sənin adından yazışa, kontaktlarından pul istəyə, kod tələb edə və başqa insanları da eyni qaydada aldada bilərlər.

Özünü qorumaq üçün əsas qayda budur: tanışından gəlsə belə, “Bu şəkildəki sən deyilsən?”, “Bu video sənindir?”, “Telefon nömrənə dair məlumat tapdım” kimi şübhəli, təcili hiss yaradan mesajlardakı linklərə klik etmə. Əgər həqiqətən tanışın göndəribsə, ondan ayrıca zənglə və ya səsli mesajla soruş: “Bu mesajı sən göndərmisən?” Həmçinin “WhatsApp”ın iki mərhələli təsdiqləmə (two-step verification) funksiyasını aktiv etmək çox vacibdir; bu, sənin hesabını əlavə PIN kodla qoruyur və hesabın ələ keçirilməsini xeyli çətinləşdirir.

Camal Cavanşir

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa