"Ramiz Mehdiyev işi"ndə GİZLİ SİYAHI: Mehdiyev danışsa, kimlər həbs olunacaq?
“Böyük ehtimalla, “Ramiz Mehdiyev işi” ilə bağlı davam edən istintaq bu sualların bir çoxuna aydınlıq gətirəcək”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Abutalıb Səmədov deyib.

O, “Ramiz Mehdiyev işi” ilə bağlı ictimaiyyətin bilmədiyi detalları açıqlayıb.
Politoloq bildirib ki, Rusiyanın Azərbaycanda bir neçə dəfə hakimiyyət dəyişikliyinə cəhd göstərməsi hamıya məlumdur.
“1994-cü ildə “Əsrin müqaviləsi2 imzalandıqdan sonra baş verən dövlət çevrilişi cəhdində Rusiyanın aktiv şəkildə iştirak etdiyi də danılmaz faktdır. Sonrakı dövrlərdə də oxşar cəhdlər olub və onlardan biri Milli Şuranın yaradılması prosesi ilə bağlıdır. Bu şuranın fəaliyyətində Moskvada yaşayan bəzi soydaşlarımızın fəal iştirakı ciddi suallar doğurur. Prezidentliyə Rusiya vətəndaşı olan Rüstəm İbrahimbəyovun namizəd göstərilməsi, Abbas Abbasovun həmin prosesdə aktiv iştirakı, daha sonra Rüstəm İbrahimbəyovun son anda Rusiya vətəndaşlığından çıxmaması və nəticədə Cəmil Həsənlinin prezidentliyə namizədliyinin irəli sürülməsi bütün bunlar, təbii ki, ciddi araşdırma tələb edən məqamlardır.
Milli Şuranın Rusiya layihəsi olduğu artıq məlum olduğu halda, niyə Azərbaycan müxalifəti bu prosesə aktiv şəkildə qoşuldu? Sonrakı mərhələdə Milli Şuranın tərkibində olan şəxslərin atdığı addımlar və nümayiş etdirdikləri davranışlar nəticəsində bir çoxları bu qurumu tərk etdi. Zamanla Milli Şuranın tərkibində olan siyasi partiyalar və ayrı-ayrı şəxslər də ondan uzaqlaşdı. Bu gün isə Milli Şura faktiki olaraq yalnız Xalq Cəbhəsindən ibarət vəziyyətə düşüb.
Belə olduğu halda, nə üçün bu qurumu hələ də qoruyub saxlamağa çalışırlar? Aydındır ki, Milli Şura real siyasi struktur kimi artıq mövcud deyil, sadəcə adı qalıb.
Bəs bu adı bu günə qədər saxlamaqda məqsəd nə idi, nəyə ümid edirdilər?
Bütün bu sualların cavabları, şübhəsiz ki, verilməlidir. Böyük ehtimalla, “Ramiz Mehdiyev işi” ilə bağlı davam edən istintaq bu sualların bir çoxuna aydınlıq gətirəcək. Bu da Azərbaycandakı siyasi qüvvələrin və bəzi siyasətçilərin iç üzünü anlamağa imkan yaradacaq.
Xalqımız hakimiyyət uğrunda mübarizədə hər vasitəni məqbul sayanları və Azərbaycanın maraqlarına zidd qüvvələrlə əməkdaşlığa hazır olanları tanımalıdır. “Ramiz Mehdiyev işi” çərçivəsində aparılan istintaq tədbirləri buna imkan verəcək”, deyə o bildirib.
Nəsimi Ələsgərli












