Ötən ilin 1 oktyabr – prokurorluq işçilərinin peşə bayramından sonrakı dövrdə 195 prokurorluq işçisi xidməti qaydada həvəsləndirilib, intizam məsuliyyətinə cəlb edilmiş 38 işçidən 25 nəfərə töhmət və şiddətli töhmət elan edilib, 2 nəfər aşağı vəzifəyə keçirilib, 6 nəfər vəzifədən azad edilib, 5 nəfər isə prokurorluq orqanlarından xaric olunub.
Yeniceg.az-ın məlumatına görə, bunu Baş prokuror Zakir Qaralov deyib.
O qeyd edib ki, korrupsiyaya qarşı mübarizə prokurorluğun fəaliyyətinin ən prioritet istiqaməti olduğundan bu sahədə görülən işlərin səmərəliliyinin və effektivliyinin artırılması məsələlərinə xüsusi önəm verilir.
Z.Qaralovun sözlərinə görə, korrupsiyaya qarşı mübarizə sahəsində prokurorluq orqanlarına inamın artmasının nəticəsi olaraq ötən ilin peşə bayramından bu günə qədər olan dövrdə Azərbaycanın Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə vətəndaşların 8604 müraciəti daxil olub ki, onlardan da 4102-si ərizə və şikayət, 4502-si isə “161-Qaynar xətt” əlaqə mərkəzi üzrə qəbul edilmiş müraciətlər olub.
Baş prokuror vurğulayıb ki, “161-Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciətlərdən prokurorluğun səlahiyyətinə aid olan 306 müraciət üzrə Baş idarədə və prokurorluğun digər struktur qurumlarında araşdırma aparılıb, onlardan 15-i üzrə cinayət işi başlanılaraq istintaq edilib:
“Həmin dövr ərzində Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət xarakterli material kimi baxılmış 279 müraciət və digər məlumatlardan 193-ü üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılaraq istintaq aparılıb. Baş idarənin fəaliyyətinin səmərəliliyinin artırılması üzrə görülmüş tədbirlər nəticəsində onun işinin göstəriciləri daha da yaxşılaşmaqla qeyd olunan dövr ərzində qurumda ibtidai araşdırılması aparılan 566 cinayət işindən 348 şəxs barəsində 234 cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq baxılması üçün ittiham aktı ilə aidiyyəti məhkəmələrə göndərilib. Cinayət işlərinin istintaqı zamanı bütün təqsirli şəxslərin ifşa olunaraq məhkəmə məsuliyyətinə verilməsi ilə yanaşı, cinayəti doğuran səbəblər və şərait aşkarlanaraq qabaqlayıcı və profilaktik tədbirlərin görülməsi təmin edilib”.
www.yenicag.az