60 min ölü, dağıdılmış Qəzza: Yəhudi dövlətinin gizli məqsədi İFŞA OLDU – SENSASİON İDDİALAR
“İsrailin atdığı addımlar HƏMAS-a qarşı əməliyyatlar kimi qiymətləndirilməməlidir”.
Bu sözləri İsrailin Yaxın Şərq siyasəti və bunun arxasında duran maraqları Yenicag.az-a şərh edən hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.
O, bildirib ki, HƏMAS İsrail üçün Yaxın Şərq siyasəti üçün başlanğıc idi:
“Yaxın Şərqdə gedən proseslər, düşünürəm ki, bilavasitə ABŞ-nin regiondakı siyasəti ilə bağlıdır. Bu proses Qəzzada HƏMAS-a qarşı başlayanda fikrimi demişdim ki, bu böyük oyunun başlanğıc hissəsidir. Çünki İsrail əməliyyatlara başlar-başlamaz ABŞ donanması əraziyə gəldi. ABŞ elan etdi ki, İsrailin təhlükəsizliyinə qarantdır. Belə olduğu halda, təbii ki, İsrailə hər hansı müdaxilənin qarşısını almaq üçün ABŞ İsrailin yanında olacaq və dəstək verəcək. Bu, bilavasitə onu göstərir ki, ABŞ açıq-aydın İsrailə himayədarlıq edir”.
Polkovnikin sözlərinə görə, əgər bir dövlət hərbi əməliyyatlar aparır və bunun nəticəsində 60 mindən çox insan həlak olursa, bunun arxasında duran qüvvələr var:
“HƏMAS-ın döyüşçülərinin sayı 8-10 min arasındadır. Sual yaranır ki, 60 min insan niyə öldürülür? İsrail guya 2 km zolağında bufer zona yaradacağını deyirdi. O zonada bütün tikililərin 60-70 faizini dağıtdı. Bu HƏMAS-a qarşı əməliyyatlar kimi qiymətləndirilməməlidir. İsrail HƏMAS-ı darmadağın edə bilibsə, indiki hərəkət nə üçündür? ABŞ tərəfi bildirdi ki, Qəzzada olan sakinlərin başqa yerə köçürülməlidir. ABŞ-nin bu təklifi hara, İsrailin apardığı əməliyyatlar hara?! İndi açıq deyə bilərik ki, İsrailin apardığı hərbi əməliyyatların səbəbi nədir”.
“ABŞ-nin himayəsində olan İsrail özünü çox sərbəst aparır. İsrail böyük dövlət də deyil. İsrailin ərəb ölkələri içərisində hansısa əməliyyatı təkbaşına keçirəcəyini heç kim deyə bilməz. Əgər ABŞ-nin himayədarlığı altında gah İrana qarşı, gah Suriyada, gah Livanda, gah da Qəzzada İsrail özünü sərbəst aparırsa, bu, İsraildən daha çox ABŞ-nin böyük oyunudur”, – deyə o, fikirlərini yekunlaşdırıb.
Səxavət Məmməd