7 ildən sonra TARİXİ FÜRSƏT: “Qarabağ”ın qarşısında duran maneələr NƏDİR?
“Qarabağ”ın “Ferenstvaroş”la Çempionlar Liqasının pley-off mərhələsinə çıxması, əslində, klub üçün böyük uğurdur. Komanda buraya qədər çox yaxşı tempdə gəlib, keçirdiyi dörd oyunun hamısında qalib gələrək bu mərhələyə yüksəlib və gözəl oyun sərgiləyib”.
Bunu Yenicag.az-a açıqlamasında tanınmış idman jurnalisti Kənan Məstəliyev deyib.
O, Ağdam təmsilçisinin ötən ilə nisbətən bu il Avropa səhnəsində daha çox özünəinamlı futbol sərgiləməsinin səbəblərini, eləcə də “köhlən atlar”ın oyun tempini analiz edib.
K. Məstəliyev xatırladıb ki, ötən mövsüm Avropa Liqasının qrup mərhələsində zəif çıxış komandamızın azarkeşlərini narahat edirdi:
“O vaxt “Qarabağ” 8 oyunda cəmi bir qələbə qazanmış, 36 komanda arasında sonuncu – 36-cı yeri tutmuşdu. Bu, çox məyusedici mənzərə idi, çünki komandanın potensialı daha yüksək yerlərə iddia etməyə kifayət edirdi. Ötən mövsümün sonunda artıq aydın oldu ki, “Qarabağ” yenilənməyə ehtiyac duyur. Bəzi yaşlı oyunçularda fiziki və psixoloji yorğunluq özünü göstərir, bu da komandanın toparlanmasına mane olurdu. Klub rəhbərliyi yenidənqurma qərarı verdi, bir sıra oyunçularla yollar ayrıldı, yerinə isə gənc və perspektivli futbolçular transfer olundu. Hazırda komanda keçid dövründədir. Əminəm ki, yeni oyunçular adaptasiya prosesini başa vurduqdan sonra daha iddialı və güclü bir “Qarabağ” görəcəyik. Keçmişdə də belə çətin dövrlər olub və komanda onların öhdəsindən gəlib”.
Onun sözlərinə görə, bununla belə, bəzi problemlər hələ də qalır:
“Xüsusilə hücum xəttində çatışmazlıqlar var. Klub rəhbərliyi və baş məşqçi də bunu təsdiqləyib ki, hücuma yeni transfer mütləqdir. Təkcə Nəriman Axundzadə və Musa Qurbanlı ilə nə Çempionlar Liqasının pley-offunda, nə də qrup mərhələsində rəqabət aparmaq mümkündür. Müdafiə xəttinə də ən azı bir oyunçu transferinə ehtiyac var. Bu gücləndirmələr edilsə, nəticələr də yaxşılaşacaq. Dünənki Bakıdakı oyun Qarabağın potensialını aydın göstərdi. Daha çox qol vurmaq olardı, amma artıq enerjiyə qənaət edildi, çünki əlavə risk – zədə və ya sarı vərəqə lazım deyildi. “Ferentsvaroş” əvvəlki rəqiblər “Şelburn” və “Şkendiya”dan qat-qat güclü komandadır. O, Macarıstan futbolunun lideridir, güclü azarkeş dəstəyinə malikdir və baş məşqçisi keçmiş məşhur futbolçu Robbi Kin qısa məşqçilik karyerasına baxmayaraq, uğurlu nəticələr qazanıb”.
Mütəxəssisin fikrincə, “Ferentsvaroş” “Qarabağ”ın verdiyi şanslardan əvvəlki rəqiblər kimi yararlana bilməyən bir komanda deyil:
“Əksinə, fürsətləri asanlıqla dəyərləndirə bilər. Xüsusilə müdafiənin mərkəzində və standart vəziyyətlərdə diqqətli olmaq lazımdır, çünki hazırda əsas problemlər buradadır. Bununla belə, “Qarabağ” da güclü rəqibdir. Üç il əvvəl təsnifat mərhələsində “Ferentsvaroş”u keçmişik, yenə də keçmək gücündəyik. Heyətimiz təcrübəli və tanınmış futbolçulardan ibarətdir, rəqibin oyun üslubunu da yaxşı bilirik. Birinci görüşün səfərdə olması üstünlükdür: orada yaxşı nəticə əldə etsək, cavab qarşılaşmasında Bakıda – doğma meydanda, azarkeş dəstəyi ilə 7-8 illik fasilədən sonra Çempionlar Liqasına vəsiqə qazana bilərik. Mən inanıram ki, potensialımız da, gücümüz də buna çatır və bu mərhələni keçəcəyik”.
Rafi Müslümov