Kuba üçün "Venesuela ssenarisi": Venesuelanın süqutu Kubanın sonu olacaq?
“Kuba Amerikanın təzyiqlərinə çox tab gətirməz.”
Politoloq Elşad Mirbəşiroğlu son günlər ABŞ və Kuba prezidentlərinin sözlü atışmalarını Yenicag.az-a geniş şərh edib:

“ABŞ prezidenti Venesuelaya münasibətdə tətbiq etdiyi ritorikanı indi də Kubaya qarşı edir. Qeyd edim ki, Kuba və Venesuela arasında kifayət qədər siyasi və iqtisadi təmaslar mövcud idi. Düşünürəm ki, bu hələ də qalmaqdadır. Bundan sonrakı mərhələdə Trampın özünün də dediyi kimi Venesuela üzərində ABŞ-nın tam nəzarəti olacaqsa bu Kubanın vəziyyətinə də mütləq şəkildə təsir göstərəcək. Ona görə ki, Venesuela Kubanın neft məhsullarına olan ehtiyacının təxminən 50%-ni verirdi ki, bu da Kubanın iqtisadi problemlərini böyük ölçüdə həll edirdi.”
E. Mirbəşiroğlu Kubanın Amerika tərəfindən gücsüzləşdirilməsi prosesinin aparılacağını hesab edir:
“Bundan sonra Venesuela Kubaya neft nəqlini dayandıracaqsa bu mütləq şəkildə Kubaya iqtisadi ciddi zərər vuracaq. ABŞ-nin yanaşması ondan ibarətdir ki, özünə düşmən olaraq gördüyü ölkələrə qarşı əsasən iqtisadi təzyiqləri işə salaraq onların iqtisadiyyatına dəstək olacaq amilləri aradan qaldırır.”
“Kuba prezidentinin də dediyi kimi artıq 60 ildən çoxdur ki, ABŞ Kubaya sanksiyalar tətbiq edir amma buna baxmayaraq Kuba öz mövcudluğunu qoruyub saxlaya bilmişdir.”
Politoloq “Kubanın bundan sonrakı aqibəti necə olacaq?” sualına belə cavab verib:
“Bu bir sıra amillərdən asılı olacaq. Əsasən Tramp öz mövqeyində nə dərəcədə qətiyyətlidir, bunu zamanla görəcəyik. Venesuela məsələsində gördük ki, Tramp gözlənilmədən sərt addımlar ata bilir. Ona görə də, indidən Kubanın gələcəyi haqqında danışmaq çətindir. Düşünürəm ki, Kuba Venesuela ilə müqayisədə Amerika ilə daha çox qarşıdurmaya gedib. Hələ də Kubanın müqavimət göstərmə instinkti daha da güclüdür. Digər tərəfdən isə, Tramp Maduroya qarşı konkret ittiham irəli sürürdü amma Kubaya münasibətdə onun hər hansı ittihamı mövcud deyil. Sadəcə olaraq Tramp tərəfindən Kuba iqtisadiyyatında ABŞ maqnatlarının əvvəlki rolunun bərpa olunmasını tələb edilir. Həmçinin Kubanın Rusiya və Çinlə təmaslarını kəsməsi tələb olunur. Bu da ona dəlalət edir ki, Trampın məsələyə daha genişmiqyaslı yanaşdığını göstərir. Tramp Venesuela, Kuba, Kolumbiya kimi ölkələrə qarşı zamanın reallığına uyğun yanaşır. Sabah reallıq necə olacaqsa Amerikanın münasibəti də ona uyğun dəyişəcək. Tramp Kubaya təzyiqlərini davam etdirəcək və böyük ehtimalla Kuba Amerikanın gözləntilərinə uyğun hansısa razılaşmaya gedəcək. Bu olmayacaqsa ABŞ tərəfindən təzyiqlər daha da sərtləşəcək.”
Nurlan Cəfəri












