Biznes kreditləri niyə “əlçatmaz” olub? - AÇIQLAMA
Azərbaycanda biznes kreditlərinin əlçatan olmaması uzun müddətdir ki, sahibkarların əsas narazılıq mövzularındandır. Yüksək faiz dərəcələri və ağır girov tələbləri, xüsusilə kiçik və orta sahibkarlığın maliyyə resurslarına çıxışını çətinləşdirən başlıca amillərdir.
Mövzu ilə bağlı Yenicag.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, problemin iki əsas səbəbi var:

“Azərbaycanda biznes kreditlərinin əlçatan olmamasının birinci səbəbi faizlərin yüksək olmasıdır ki, bu da təbii olaraq maliyyəyə çıxışı çətinləşdirir. İkincisi isə bankların həddindən artıq girov və sənəd tələb etməsidir. Burada həm iqtisadi mühitdən qaynaqlanan problemlər var, həm də sahibkarların öz məsuliyyəti”.
İqtisadçı qeyd edib ki, banklar, əslində, etibarlı və şəffaf sahibkarlarla işləməkdə maraqlıdırlar:
“Banklar arzulayırlar ki, yaxşı sahibkar tapıb ona kredit versinlər. Yaxşı sahibkar həm gəlirlə işləyən, dayanıqlı biznes modeli olan, həm də hesabatlılığı şəffaf və qaydasında qurulmuş şəxsdir. Təəssüf ki, bir çox hallarda sahibkarların hesabatlılıq sistemi lazımi səviyyədə olmur”.
Onun sözlərinə görə, məhz hesabatlılıq və korporativ idarəetmənin zəif olması bankları daha sərt təminat tələb etməyə vadar edir. Bank şəffaflığın olmadığını gördükdə, qərar qəbul etmək üçün əlavə girov və təminat tələb edir. Yəni risk artdıqca, bank daha ehtiyatlı davranır.
Xalid Kərimli vurğulayıb ki, kredit faizlərinin yüksək olmasının kökündə həm də iqtisadi mühitdə risklərin çox olması dayanır:
“Pulun bahalı olmasının səbəbi iqtisadiyyatın riskli olmasıdır. Risk yüksək olduqca, pulun maya dəyəri də artır. Bu, ümumi iqtisadi mühitlə bağlı olan bir məsələdir. Eyni zamanda, kiçik və orta sahibkarlığın maliyyəyə çıxış imkanlarının məhdud qalması məşğulluğa da mənfi təsir göstərir. Çünki onlar məşğulluğun əsas təminatçılarıdır və inkişaflarının ləngiməsi ümumi iqtisadiyyata ziyan vurur”.
Problemin həlli yollarına toxunan ekspert bildirib ki, ilk növbədə qeyri-neft sektoru inkişaf etməli, iqtisadiyyatda risk səviyyəsi azalmalıdır:
“Qeyri-neft sektoru və qeyri-neft ixracı inkişaf etməlidir ki, iqtisadiyyatda risk aşağı düşsün. Risk azaldıqda pulun maya dəyəri də aşağı düşəcək. Eyni zamanda, sahibkarlar özləri də fəaliyyətlərini şəffaflaşdırmalı, sənədləşmə və hesabatlılıq sistemini təkmilləşdirməlidirlər. Bizneslər öz problemlərinin bir hissəsini məhz bu yolla həll etməlidirlər”.
Samir Məcidov













