Ukrayna müharibəni Xəzərə daşıyır: “Müharibə artıq cəbhədən kənara çıxaraq logistika zəncirini vurur”

media-hightechnic-468x90

Ukrayna Silahlı Qüvvələrinin Xəzər dənizində İrana məxsus ticarət gəmisinə zərbə endirməsi və Ukrayna Prezidenti Volodimir Zelenskinin bu əməliyyatı açıq şəkildə təsdiqləməsi Tehranın sərt reaksiyasına səbəb olub. İran Kiyevə rəsmi etiraz notası təqdim edərək cavab addımlarının atılacağını bəyan edib.

media-banner_tkm

Bu hadisə Rusiya–Ukrayna müharibəsinin sərhədlərini necə dəyişir? Xəzər dənizi aktiv münaqişə zonasına çevrilə bilərmi? Qlobal güclərin (Türkiyə, Rusiya, Çin) mövqeyinə və Şərq–Qərb nəqliyyat dəhlizlərinə bu proses necə təsir edəcək?

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən politoloq Rəşad Bayramov bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin Xəzər dənizində İranla əlaqəli gəmini hədəfə alması müharibənin regional təsirlərinin daha geniş coğrafiyaya yayıla biləcəyi ilə bağlı narahatlıqları artırır:

media-47-1771495580-2

“Bu hadisə təkcə Ukrayna və İran münasibətləri çərçivəsində deyil, həm də Avrasiya təhlükəsizlik arxitekturasında yeni risklərin meydana çıxması baxımından diqqət çəkir. Xəzər dənizi uzun illər ərzində əsasən enerji, ticarət və nəqliyyat əməkdaşlığı məkanı kimi qəbul edilsə də, son gərginlik bu regionun geosiyasi həssaslığını yenidən gündəmə gətirir.

İranın Ukraynaya etiraz notası təqdim etməsi və cavab tədbirləri barədə açıqlamalar verməsi göstərir ki, Tehran bu hadisəni ikitərəfli insident kimi yox, milli təhlükəsizlik məsələsi kimi qiymətləndirir. Bunun əsas səbəblərindən biri İranın Rusiya ilə son illərdə xüsusilə hərbi-texniki sahədə yaxın əməkdaşlığıdır. Ukrayna tərəfi dəfələrlə bildirib ki, Rusiyanın hərbi imkanlarına töhfə verən strukturlar və təchizat kanalları onun legitim hədəfləri sırasında ola bilər. Bu yanaşma müharibənin klassik cəbhə xəttindən kənara çıxaraq logistika, enerji və təchizat zəncirlərinə yönəlməsi tendensiyasını göstərir”.

Politoloqun sözlərinə görə, mövcud risklərə baxmayaraq, Xəzərin tam mənada aktiv hərbi əməliyyat meydanına çevrilməsi gözlənilmir:

“Xəzər xüsusi geosiyasi statusa malik regiondur və burada Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan kimi dövlətlərin maraqları kəsişir. Bu ölkələrin heç biri Xəzərin genişmiqyaslı hərbi qarşıdurma məkanına çevrilməsində maraqlı deyil. Çünki regionun sabitliyi enerji ixracı, ticarət əlaqələri və nəqliyyat layihələri üçün həyati əhəmiyyət daşıyır.

Lakin Xəzərin tamamilə təhlükəsiz zona olduğunu düşünmək də doğru olmaz. Müasir müharibələrdə enerji infrastrukturu, limanlar, boru kəmərləri və logistika qovşaqlarının hərbi əməliyyatların dolayı hədəflərinə çevrilməsi tez-tez müşahidə olunur. Bu baxımdan Xəzər regionunda təhlükəsizlik risklərinin artması Orta Dəhliz kimi Şərq–Qərb nəqliyyat layihələrinin gələcəyi üçün əlavə çağırışlar yarada bilər”.

Rəşad Bayramov regional güclərin və Azərbaycanın bu prosesdəki rolunu da şərh edib:

“Bu prosesdə regional aktyorların mövqeyi mühüm rol oynayacaq. Türkiyə üçün əsas məsələ Qafqaz və Mərkəzi Asiyanı Avropa ilə birləşdirən nəqliyyat xətlərinin təhlükəsizliyinin qorunmasıdır. Ankara həm enerji, həm də logistika baxımından sabit Xəzər mühitində maraqlıdır. Rusiya Xəzəri öz strateji təsir zonalarından biri hesab edir və burada əlavə hərbi-siyasi rəqabətin yaranmasını istəmir. Çin üçün isə əsas prioritet ‘Bir kəmər, bir yol’ təşəbbüsü çərçivəsində sabit və təhlükəsiz ticarət marşrutlarının qorunmasıdır”.

Ekspert Azərbaycanın həssas coğrafi mövqeyinə diqqət çəkərək fikirlərini belə yekunlaşdırıb:

“Azərbaycan bu prosesdə xüsusi həssas mövqeyə malikdir. Ölkəmiz həm enerji ixracatçısı, həm də Orta Dəhlizin əsas halqalarından biridir. Xəzərdə sabitliyin pozulması Azərbaycanın nəqliyyat, enerji və regional əməkdaşlıq layihələrinə mənfi təsir göstərə bilər. Buna görə Bakı üçün əsas prioritet təhlükəsizlik mexanizmlərinin gücləndirilməsi və Xəzərin əməkdaşlıq məkanı kimi qorunmasıdır.

Ümumiyyətlə, Xəzərdə baş verən son hadisə hələ yeni genişmiqyaslı münaqişə cəbhəsinin formalaşması anlamına gəlmir. Lakin bu, Rusiya–Ukrayna müharibəsinin təsirlərinin Avrasiya məkanında daha geniş hiss olunduğunu göstərən ciddi siqnaldır. Düşünürəm ki, Xəzərin gələcəyi böyük ölçüdə diplomatik balansın və iqtisadi əməkdaşlıq mexanizmlərinin qorunmasından asılı olacaq”.

Məsimə Məmmədova

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05