Kosmik gəmilər üçün "ZAPRAVKA": NASA zəngin resurs mənbəyini KƏŞF ETDİ
Saturnun en böyük peyki olan Titan, yerbənzər çayları və göllərindən başqa, kosmosun dərinliklərinə doğru istiqamətlənəcək gələcək missiyalar üçün nəhəng yanacaq və xammal bazasına çevrilməyə hazırlaşır. NASA çərçivəsində aparılan son araşdırmalar bu uzaq səma cismini dərin kosmos tədqiqatlarının mərkəzinə yerləşdirib.
Yenicag.az xəbər verir ki, NASA-nın Qoddard Kosmik Uçuşlar Mərkəzindən Konor Niksonun (Conor A. Nixon) rəhbərlik etdiyi beynəlxalq alimlər heyəti “Acta Astronautica” jurnalında dərc olunan tədqiqatda Titanın təqdim etdiyi imkanları təhlil edib.

Hər şeyi Yerdən daşımaq xərclərini aradan qaldırmağı hədəfləyən “yerində resurs istifadəsi” konsepsiyası çərçivəsində, buzlu peykin səthindəki zəngin karbohidrogen ehtiyatları ön plana çıxıb. Atmosferdəki sıx metan qazı ilə yanaşı, səthdə yerləşən propan və bütan kimi ağır birləşmələr kosmik gəmilər üçün yanacaq və sənaye xammalına çevrilir. Nikson bu strukturun gələcəkdə xammal və nəqliyyat vasitələri istehsal edən daimi bir stansiyaya çevriləcəyini irəli sürüb.
Titandakı karbohidrogen zənginliyi təkcə xammal təmin etməklə qalmır, eyni zamanda Saturn ətrafındakı tədqiqat fəaliyyətlərinə də güc qatır. Kosmik gəmilər başqa planetlərə və ya Enselad, Mimas kimi peyklərə hərəkət etməzdən əvvəl Titanın səthində və ya orbitində yanacaq doldura biləcəklər. Sözügedən obyektlər, eyni zamanda 3D printerlərlə ehtiyat hissələrinin istehsalı və həyatı təminat materiallarının təchizatı üçün infrastruktur yaradacaq.

Peykin təqdim etdiyi üstünlüklər yalnız karbohidrogenlərlə məhdudlaşmır. Kütləsinin təxminən 50 faizini su təşkil edən Titan yeraltı okeanları və səthindəki buz təbəqələri ilə diqqət çəkir. Tədqiqatçılar bu suyun emal olunaraq raketlər üçün maye oksigen və maye hidrogen yanacağına çevriləcəyini bildiriblər. Atmosferi, əlçatan karbohidrogenləri və böyük su ehtiyatlarını eyni anda özündə cəmləşdirən Titan bu xüsusiyyəti ilə Günəş sistemində yeganədir.
Kosmos elmindəki yeniliklər yalnız Saturn sistemi ilə məhdudlaşmayıb. Astronomlar Günəş sisteminin hüdudlarından kənarda tarixi bir mərhələni geridə qoyublar. Çilidəki Avropa Cənub Rəsədxanasında (ESO) çalışan mütəxəssislər “Nature” jurnalında dərc olunan araşdırma ilə Günəş sistemindən kənarda ilk “ötəpeyk”i (ekzopeyk) kəşf etdiklərini açıqlayıblar.
“CD-35 2722” adı verilən gənc sistemdə yer alan nəhəng peyk adi bir planetin ətrafında fırlanmır. Yupiter kütləsinə malik bu sirli cisim kütləsi Yupiterdən 30 dəfədən çox olan qəhvəyi cırtdanın orbitində hərəkət edir. Mütəxəssislər nəhəng teleskoplar və radial sürət üsulundan istifadə edərək görünməyən bu peykin cazibə izini tutmağa müvəffəq olublar.
Ulduz, planet və peyk arasındakı ənənəvi sərhədləri aradan qaldıran bu kəşf kosmos ədəbiyyatındakı əsas anlayışların yenidən nəzərdən keçirilməsinə yol açıb.

Ayşən













