9 may paradında Azərbaycanın iştirakına fərqli rəylər…
Aydın Mirzəzadə: “9 may paradında Azərbaycan əsgərinin iştirakı tariximizə hörmətdir”
İqbal Ağazadə: “Sıradan bir hadisədir”
Məlum olduğu kimi, bu ilin mayın 9-da Moskvada Hitler Almaniyası üzərində qələbənin 70 illik yubileyi qeyd olunacaq. Bu tədbirdə erməni hərbçiləri ilə birlikdə Azərbaycan əsgərləri də iştirak edəcək.
Bu mənada görəsən, sözügedən tədbirdə Azərbaycan əsgərlərinin iştirakı nə dərəcədə məqbuldur?
Yenicag.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə əsgərlərimizin 9 may paradında Kremldə iştirakına müsbət yanaşdı: “Bu təkcə Rusiyanın deyil, həmin dövrdə bir dövlətdə olan və faşizmin məhv edilməsi üçün qan tökmüş bütün xalqların ümumi qələbəsidir. 1941-1945-ci illərdə Azərbaycandan 600 minə qədər əsgər Böyük Vətən Müharibəsi cəbhələrində vuruşub. Onun 300 min nəfəri həlak olaraq geri qayıtmayıb. Qələbənin qazanılmasında Azərbaycan xalqı həm əsgəri, həm də qələbəni labüd edən cəbhənin benzinlə təmin edilməsində iştirak edib. Biz ümumi qələbəmizi qeyd edirik. Azərbaycan həmin o paradda iştirak etməlidir. Bu bir tərəfdən tariximizə hörmətdir, digər tərəfdən isə Azərbaycan bu gün müstəqil dövlət olduğunu, dövlət və ordu quruculuğunda nəzərə çarpan uğurlar əldə etdiyini bir daha dünyaya nümayiş etdirməlidir”.
Millət vəkili İqbal Ağazadə isə sözügedən tədbiri sıradan bir hadisə kimi dəyərləndirdi: “Bildiyimiz kimi, İkinci Dünya Müharibəsində Azərbaycan əsgərləri də iştirak edib və kifayət qədər itki də veriblər. Bu səbəbdən 9 mayda Kremldə keçiriləcək hərbi paradda erməni və rus əsgərləri iştirak edir deyə, Cənubi Qafqazda erməni yaşayır deyə biz köçüb getməməliyik ki. Hamının birgə olduğu bir prosesdə iştirakın xüsusi əhəmiyyəti də yoxdur. İştirak edəndə dünyanı dağıldası deyilik, iştirak etməyəndə də bir şey olası deyil. Mənasız bir prosesdir, ona görə də ciddi əhəmiyyəti olan, yaxud da iştirak etməsək ciddi əhəmiyyəti olmayan hadisə hesab etmirəm. Sıradan bir hadisədir”.
Elçin