Ermənistan yenə də Hindistan silahlarına BEL BAĞLAYIR: “Region üçün isə risklərin artması anlamına gəlir”
“Hindistanın Ermənistanla son dövrlərdə genişlənən hərbi-texniki əməkdaşlığı, xüsusilə “Akaş” zenit-raket sistemlərinin Ermənistana satılması Cənubi Qafqazda hərbi balans və təhlükəsizlik məsələləri baxımından diqqət ediləsi bir məqamdır”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Azər Hüseynov deyib.
Analitik Hindistanın iyulda Ermənistana “Akaş” zenit-raket komplekslərinin ikinci partiyasını göndərəcəyi ilə bağlı yayılan informasiyalara münasibət bildirib.
Qeyd edək ki, erməni mətbuatı ölkənin qarşıdakı 4-5 il ərzində ümumilikdə 15 “Akaş” sistemi alacağı barəsində məlumat yayıb.
A. Hüseynov əmindir ki, bu silah satışı yalnız ikitərəfli iqtisadi və siyasi maraqların məhsulu deyil, eyni zamanda, Hindistanın qlobal silah bazarında öz yerini gücləndirmək cəhdinin tərkib hissəsi kimi də qiymətləndirilə bilər:
“Lakin bu satışın regionda real hərbi üstünlük yaratmaqdan çox simvolik və siyasi mesaj xarakteri daşıdığını vurğulamaq lazımdır. Əvvəla, qeyd etmək vacibdir ki, Hindistan istehsalı olan silah sistemləri son Hindistan-Pakistan münaqişəsi zamanı, xüsusilə də sərhəd insidentləri fonunda effektivlik baxımından bir sıra suallar doğurmuşdur. Həm texniki nasazlıqlar, həm də döyüş sınaqları zamanı qeydə alınan problemlər bu sistemlərin real döyüş şəraitində yüksək etibarlılıq nümayiş etdirmədiyini göstərmişdir. Bu səbəbdən də Ermənistanın bu sistemləri əldə etməsi, onun Azərbaycana qarşı hərbi üstünlük qazanacağı anlamına gəlmir”.
Müsahibimiz əmindir ki, Azərbaycanın son onillikdə hərbi modernləşmə sahəsində atdığı addımlar texnoloji cəhətdən daha üstün sistemlər olan Türkiyə, İsrail və Pakistan kimi tərəfdaşlardan aldığı silahlara əsaslanır:
“Bu texniki üstünlük 2020-ci ildəki Vətən müharibəsində də aydın şəkildə özünü göstərmişdi. Ermənistanın Hindistan silahlarına arxalanaraq strateji hərbi üstünlük əldə etməyə çalışması daha çox ictimaiyyətə yönəlik psixoloji təsir yaratmaq məqsədi daşıyır. Digər tərəfdən, Ermənistanın hərbi modernləşmə səyləri və yeni silah alınması cəhdləri beynəlxalq ictimaiyyətin sülh çağırışları ilə ziddiyyət təşkil edir. Beynəlxalq aktorlar, o cümlədən Avropa İttifaqı və Rusiya, regionda sabitliyin qorunmasının yeganə yolunun Azərbaycanla sülh müqaviləsinin imzalanması və sərhədlərin qarşılıqlı tanınması olduğunu vurğulayırlar. Lakin Ermənistan siyasi elitası daxili populist təzyiqlərlə üzləşdiyi üçün bu istiqamətdə ziddiyyətli addımlar atmağa davam edir”.
Mütəxəssis əmindir ki, əgər Ermənistan regionda sabitlik və inkişaf istəyirsə, ilk növbədə, konstitusiyasında və siyasi partiya proqramlarında Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarını ortadan qaldırmalı, qonşuları ilə qarşılıqlı etimada əsaslanan münasibətlər qurmağa çalışmalıdır:
“Silahlanmaya yönəlik sərmayə sonda Ermənistanın iqtisadi və sosial inkişaf imkanlarını zəiflədən, onu daha da təcridə sürükləyən bir amilə çevrilə bilər. Odur ki, Hindistan-Ermənistan hərbi əməkdaşlığı Cənubi Qafqazda balansı dəyişmək gücündə deyil. Əksinə, bu əməkdaşlıq Ermənistan üçün vaxt və resurs itkisi, region üçün isə risklərin artması anlamına gəlir. Azərbaycan isə həm hərbi, həm diplomatik sahədə öz mövqeyini qorumaqla yanaşı, sülhün təşəbbüskarı olaraq regional sabitliyə töhfə verməkdədir”.
Rafi Müslümov