Ermənistanda hərbi xidmətlə bağlı QANUN DƏYİŞİR
Ermənistanın “Vətəndaşlıq Müqaviləsi” fraksiyasının deputatı Hayk Sarqsyan jurnalistlərə verdiyi müsahibəsində 18 yaşını tamamlayan Ermənistan Respublikası vətəndaşlarının qısa müddətli hərbi xidmət keçmək imkanı əldə edəcəyini açıqlayıb.
Yenicag.az “Sputnik Armenia”ya istinadla xəbər verir ki, o, bu barədə təqdim etdiyi qanunvericilik dəyişiklikləri layihəsini tanıdıb.
Sarqsyan bildirib ki, mövcud qanunvericiliyə görə, belə bir imkana yalnız 27 yaşını tamamlamış və hərbi xidmətdən yayınmış şəxslər malikdirlər:
“Yeni dəyişikliklərlə çağırışçı hərbçilər seçim imkanı əldə edəcəklər: 6 ay xidmət edib yüksək maaş alaraq və ya 15 milyon dram dövlət büdcəsinə ödəyərək xidmət edə biləcəklər və ya 1 ay xidmət edib 20 milyon dram ödəyərək xidmət göstərə biləcəklər”.
Deputat bildirib ki, bu layihə ilə hədəflənən məqsəd, kişi vətəndaşları Ermənistan Respublikası vətəndaşlığı almağa təşviq etməkdir. Onlar ya qısa müddətli xidmət etməli, ya da müəyyən edilmiş məbləği ödəyərək vətəndaşlıq əldə edə bilərlər. Bu qanun dəyişiklikləri, əsasən, Gürcüstanda və ABŞ-də doğulmuş, amma Ermənistan vətəndaşı olmayan erməni əsilli şəxsləri nəzərdə tutur.
Sarqsyan əlavə edib ki, dövlət büdcəsinə ödənilən bu vəsaitlər hərbi ehtiyaclar üçün istifadə ediləcək.
Qeyd edək ki, 2023-cü ilin dekabrında Ermənistan Milli Məclisi Hayk Sarqsyanın müəllifi olduğu “Hərbi xidmət və hərbi xidmətçinin statusu haqqında” Qanun layihəsini qəbul edib. Bu qanunvericilik dəyişiklikləri ilə 27 yaşını tamamlamış və hərbi xidmətdən yayınan şəxslərə hərbi xidmətə çağırılma imkanı verilmiş və bu şəxslər 5 mümkün variantdan birini seçməklə cinayət məsuliyyətindən azad olacaqlar.
Rafi Müslümov