Tramp İsraili KƏNARDA SAXLADI – “Bu səfərlə həm Çin, həm də Rusiyaya mesaj verməyə çalışır”

media-hightechnic-468x90

 

“Bu səfər İsrailin Yaxın Şərqdə əvvəlki qədər əsas aktor statusunda olmadığını və Səudiyyə Ərəbistanı kimi ölkələrin regional siyasətdə daha təsirli mövqe tutduğunu göstərir”.

Yenicag.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Trampın Yaxın Şərqə səfərini təhlil edən siyasi ekspert Mayk Vaqenheym yazıb.

O, təhlil məqaləsində bildirib ki, səfər öncəsi İsrail ABŞ gündəmində müəyyən qədər arxa plana keçəcək:

“Trampın Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə səfəri daha çox Körfəz ölkələri ilə ikitərəfli münasibətlərə fokuslanıb. Bu səfərin İsraillə birbaşa əlaqəsi yoxdur. Tramp administrasiyasının Səudiyyə ilə əldə etdiyi mülki nüvə razılaşmaları İsrail-Səudiyyə münasibətlərinin normallaşması prosesinə marağı zəiflədə bilər. Səudiyyə vəliəhdi Məhəmməd bin Salman da bildirib ki, Qəzzada müharibə dayanmayınca və Fələstinlə bağlı ciddi addımlar atılmayınca İsraillə normallaşmadan söhbət gedə bilməz”.

Onun sözlərinə görə, Tramp bu səfərlə həm Çin, həm də Rusiyaya mesaj verməyə çalışır. Körfəz ölkələrinin dəstəyi ilə ABŞ regionda əsas güc olduğunu nümayiş etdirmək niyyətindədir:

“Eyni zamanda, Səudiyyə ilə mineral ehtiyatlar və BƏƏ ilə süni intellekt sahəsində əməkdaşlıq kimi konkret məqsədlər də səfərin gündəmindədir. ABŞ dövlət katibi Marko Rubionun Trampı müşayiət etməsi və yüksək səviyyəli görüşlərdə iştirak etməsi bu səfərə verilən önəmin göstəricisidir. Həmçinin səfər, əslində, İsrailin regiona inteqrasiyası istiqamətində addımdır. Vaşinqtonun İsrail-Səudiyyə münasibətlərinin normallaşmasına marağının azaldığı fikri yanlışdır. Tramp “İbrahim Sazişlər”i xəttini davam etdirmək istəyir. Bu proses əvvəlcə Körfəz ölkələri ilə güclü tərəfdaşlıq qurmaqla həyata keçirilə bilər”.

“Bununla belə bölgədə İsrailə qarşı münasibət dəyişməz qalıb. Tramp administrasiyasının Fələstin məsələsinə ehtiyatla yanaşması, həmçinin Qəzza ilə bağlı mövcud münaqişənin müzakirədən kənarda saxlanması diqqət çəkir. Tramp səfəri zamanı bu mövzuya toxunmamağa çalışacaq. Çünki bu məsələ regionda həssasdır və istənilən irəliləyişə mane ola bilər. Ümumilikdə, bu səfər İsrailin Yaxın Şərqdə əvvəlki qədər əsas aktor statusunda olmadığını və Səudiyyə Ərəbistanı kimi ölkələrin regional siyasətdə daha təsirli mövqe tutduğunu göstərir”, – deyə məqalədə qeyd olunub.

Nəsimi Ələsgərli

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600