İsrailin “Qara Bayraq” ƏMƏLİYYATI: Müharibə məşqi, yoxsa real toqquşma?
“İranın birbaşa İsrail ərazisinə raket və pilotsuz təyyarələrlə endirdiyi zərbələr regionda yeni geosiyasi reallıq yaratdı. İlk dəfə olaraq İran Təl-Əviv, Hayfa limanı və digər kritik əraziləri hədəfə aldı və bu zərbələr İsrail üçün həm hərbi, həm də iqtisadi baxımdan ağır nəticələr doğurdu. Onilliklərdir “səthi qarşıdurma” formasında davam edən İran-İsrail gərginliyi faktiki olaraq açıq bir toqquşma səviyyəsinə yüksəldi”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Azər Hüseynov deyib.
Analitik İsrailin Yəməndəki “Ənsərullah” hərəkatına – husilərə qarşı başlatdığı “Qara Bayraq” adlı əməliyyatı şərh edib.
Onun sözlərinə görə, bu zərbələr nəticəsində İsrail hökuməti ölkə daxilində ictimai dəstək baxımından sarsıldı:
“Cəmiyyətin təhlükəsizliklə bağlı narahatlıqları artdı, siyasi elita isə reputasiya itkisinə uğradı. Belə bir fonda İsrail rəhbərliyi təcili şəkildə həm daxili auditoriyaya, həm də regional rəqiblərə öz hərbi və siyasi gücünü nümayiş etdirməyə çalışdı. Məhz bu çərçivədə İsrailin Yəməndəki husi mövqelərinə qarşı həyata keçirdiyi zərbələr baş verdi. İsrail üçün husilər təkcə Yəməndə fəaliyyət göstərən bir qrup deyil, eyni zamanda İranın regiondakı strateji qoludur. Onlar Qırmızı dənizdə beynəlxalq ticarətə, Süveyş kanalına gedən yolun təhlükəsizliyinə ciddi təhdid yaradırlar. Son illərdə ABŞ və İsrailə məxsus gəmilərə qarşı hücumlar, o cümlədən beynəlxalq neft marşrutlarına edilən təzyiqlər husilərin İranın geosiyasi alətinə çevrildiyini göstərdi”.
Mütəxəssis əmindir ki, İsrailin bu zərbələrlə məqsədi aydındır:
“İsrail bununla İranın “proksi qüvvələrini” zəiflətmək, əsasən də Qırmızı dənizdə təhlükəsizlik sabitliyini bərpa etmək istəyir. Daha sonra Tehrana siqnal vermək, yəni İsrail hərbi gücünü itirməyib və istənilən vaxt cavab verə bilər mesajını onlara göstərməkdir. Sonda isə daxili cəmiyyətə güc mesajı çatdırmaq, xüsusilə 2025 hücumlarından sonra yaranan “təhlükəsizlik boşluğunu” psixoloji olaraq kompensasiya etmək buraya aiddir”.
Müsahibimizə görə, bəzi analitiklər hesab edirlər ki, bu əməliyyatlar, əslində, növbəti İran-İsrail müharibəsinin “məşq mərhələsi”dir:
“Hədəf həm əməliyyat imkanlarını sınamaq, həm də beynəlxalq güclərə, xüsusilə ABŞ və Körfəz ölkələrinə göstərməkdir ki, İsrail regional təhlükəsizliyin təminatçısı olmaq iddiasından əl çəkməyib. Yəni İranın İsrailə endirdiyi hücumlar Yaxın Şərqdə yeni təhlükə dövrünün başlanğıcına çevrildi. İsrailin husilərə qarşı hərbi əməliyyatları isə bu yeni mərhələnin cavab və çəkindirmə mexanizmi kimi ortaya çıxır”.
Rafi Müslümov