Vaşinqtondan nəbz ölçmə SİYASƏTİ: Zəngəzurla bağlı PLAN NƏDİR?
“Hələlik rəsmi olaraq münasibət bildirməsə də, ehtimal ki, Vaşinqton, Bakı, İrəvan, Ankara və Kremlin nəbzini ölçür”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
O, Zəngəzur dəhlizi çərçivəsində beynəlxalq aktorların maraqlarını şərh edib.
Politoloq bildirib ki, geosiyasi qüvvələrin diqqət mərkəzində olan Zəngəzur dəhlizi məsələsi ilə bağlı son vaxtlar aktivlik müşahidə edilir.
“Xüsusilə ABŞ-də sözügedən layihə ilə bağlı müxtəlif xəbərlər yayılmaqdadır. Nəzərə almaq lazımdır ki, ABŞ Prezidenti Donald Tramp üçün iqtisadi maraqlar daha öndədir. Bunun üçün beynəlxalq əhəmiyyətli mövzulara qarşı həssas yanaşır. Nəzarət və yük monitorinqi funksiyasının Zəngəzur dəhlizində ABŞ şirkətlərinə verilməsi haqqında dərc olunan informasiyalar, əsasən, Rusiyaya qarşı yönəlib. Yəni istər müzakirələrdə, istərsə də dəhlizin reallaşmasında Rusiyanın kənarda saxlanılması əsas hədəfdir”.
“Bəhsi keçən xəbərdə ABŞ-nin təklifi faydalı kimi qələmə verilir. Belə ki, “ABŞ-nin iştirakı Azərbaycanın uzunmüddətli təhlükəsizlik təminatı tələblərini qarşılayır və Ermənistanın dəhliz üzərində suverenliyini qoruyur” – kimi qeyd olunur. Hələlik rəsmi olaraq münasibət bildirməsə də, ehtimal ki, Vaşinqton, Bakı, İrəvan, Ankara və Kremlin nəbzini ölçür. Ancaq nə ABŞ, nə Rusiya, nə də Avropa İttifaqının dəhlizə nəzarəti Cənubi Qafqaz dövlətlərinin maraqlarına uyğun deyil”, – deyə o, fikirlərini tamamlayıb.
Nəsimi Ələsgərli