Mask-Tramp xəttində növbəti GƏRGİNLİK – Köhnə dostlar düşmən OLDULAR
“Donald Tramp seçki ərəfəsində İlon Maskla əldə etdiyi razılaşmanı pozub”.
Bu fikirləri Yenicag.az-a politoloq Məhəmməd Əsədullazadə bildirib.
Politoloq “SpaceX” və “Tesla” korporasiyalarının sahibi, ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin sabiq rəhbəri İlon Maskın Trampın mövqeyini zəiflətməyə çalışması və “Amerika Partiyası” yaratmasının pərdəarxasını şərh edib.
Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp və milyarder İlon Mask arasında yaranan bu problem dövlət idarəetməsinə təsir etmir:
“Təbii ki, əsas büdcəyə nəzarət, dövlət orqanlarında ixtisar, Maskın öz maliyyə maraqları, dövlət investisiyalarını öz şirkətlərinə yönləndirmək kimi məsələlərdə onun Donald Trampla maraqları toqquşmur. İlk gündən Maskı hökumətin parçası olanda növbəti mərhələdə tərəflər arasında ziddiyyətlərin yaranacağı da şübhə olunmurdu. Çünki hər birinin öz maraqları, öz iddiaları var. Ona görə də tərəflər bir nöqtədə artıq toqquşdular”.
Analitik qeyd edib ki, İlon Mask atdığı addımlarla ABŞ prezidentinin nüfuzuna zərbə vurmağa nail oldu:
“Mask ABŞ-nin idarəetməsinə, onun daxili struktur və iqtisadiyyatında həyata keçirdiyi islahatlara çox ciddi şəkildə etiraz etdi, Donald Trampa müəyyən etimadın azalmasına səbəb oldu. Bu da Trampın Maska qarşı etimadını zəiflətdi. Maskın partiya yaratması, əlbəttə ki, mümkün olmayacaq. Ümumiyyətlə, ABŞ-də onlarla belə seçki partiyaları yaradıb sonradan Respublikaçılar, ya da Demokratlar partiyasına inteqrasiya edilib”.
M. Əsədullazadə qeyd edib ki, Maskın partiya yaratması hakimiyyətə gəlmək yox, əksinə, Trampa təzyiq etmək məqsədi daşıyır:
“Maskın ABŞ qanunvericiliyinə görə prezident seçilməsi mümkün deyil. Sadəcə olaraq bu addımı Trampa təzyiq kimi istifadə edir, onun siyasi reytinqinə zərbə vurmağa çalışır. Düşünürəm ki, hazırda Tramp daha güclüdür. Maskla olan bu konflikti heç də Trampın uğursuzluğuna gətirib çıxarmayacaq. Sadəcə olaraq, Trampın siyasi uğursuzluğu Rusiya-Ukrayna müharibəsinin gedişindən asılı ola bilər”.
Sonda politoloq qeyd edib ki, bu çəkişmənin səbəbi Trampın seçkilərdəki razılaşma ola bilər:
“Hər halda, ikisi arasında prezident seçkilərində müəyyən razılaşmalar olub. Hər iki tərəfin müəyyən ambisiyaları olduğu və böyük ehtimalla, Tramp bu razılaşmanı pozduğu üçün məsələ bu yerlərə gəlib çatıb”.
Nurlan Cəfəri