Pekinin KRİTİK MÖVQEYİ: Çin Ukrayna müharibəsinin uzanmasında niyə MARAQLIDIR?
Çinin Rusiya-Ukrayna müharibəsinə dair mövqeyi beynəlxalq siyasətdə getdikcə daha önəmli rol oynamağa başlayıb.
Yenicag.az xəbər verir ki, Bu barədə “EuroAsianTimes” nəşrində dərc olunan təhlil məqaləsində geniş məlumat verilib.
Məqalədə qeyd olunur ki, Çin, beynəlxalq diplomatiyada neytrallıq görüntüsü yaratmağa çalışsa da, son dövrlərdə bu mövqedən uzaqlaşdığını açıq şəkildə nümayiş etdirib. Belə ki, Çin Xarici İşlər Naziri Vanq Yi, Çin-Avropa İttifaqı görüşündə “Rusiyanın Ukraynada uduzmasına imkan verilməyəcək” bəyanatı ilə Pekinin neytral mövqedən çıxdığını təsdiqləyib.
Qeyd olunur ki, Çin-Rusiya ticarət əlaqələri rekord həddə çatıb və Pekin Moskvanın iqtisadi və hərbi ehtiyaclarını yüksək səviyyədə təmin edir. Xüsusilə, ikili istifadə məhsulları və hərbi texnologiyaların təminində Çin kritik rol oynayır. Bu dəstək Rusiyaya qarşı tətbiq olunan Qərb sanksiyalarının təsirini zəiflətməklə yanaşı, Rusiyanın Qərb maliyyə sistemindən asılılığını da azaldır.
Təhlildə vurğulanır ki, Çin bu yolla həm də ABŞ-nin diqqətini Asiya-Sakit okean regionundan, xüsusilə Tayvan məsələsindən yayındırmağa çalışır. Pekin rəhbərliyinin “zaman qazanmaq” strategiyası çərçivəsində müharibənin uzanması onun maraqlarına xidmət edir.
Eyni zamanda, Çin Ukrayna müharibəsinin davam etməsini istəməklə Rusiyanın zəifləməsinə şərait yaradır və bununla yanaşı, ABŞ-nin Avropaya yönəlməsinə imkan yaradır. Bu, Pekinin Avrasiya geosiyasətində strateji təsir dairəsini genişləndirmək niyyətindən xəbər verir.
Məqalədə yekun olaraq vurğulanıb ki, bu mövqeyi ilə Çin sülh danışıqlarında əsas maneələrdən birinə çevrilib və Ukrayna münaqişəsinin həllində Pekinin rolu getdikcə daha kritik bir mərhələyə daxil olub.
Nəsimi Ələsgərli