İŞİD kartını Rusiya açır?: Qanlı ssenarinin PƏRDƏARXASI - TƏHLİL
Suriyada baş verənlər artıq təkcə yerli bir hərbi dəyişiklik deyil, bütün bölgəyə təsir edən yeni mərhələnin başlanğıcıdır.
Qısa müddətdə SDG-nin (Suriya Demokratik Qüvvələri) illərlə qurduğu strukturun dağılması göstərdi ki, sahədə oyun qaydaları dəyişib. Bu prosesin mərkəzində SDG yox, İŞİD təhlükəsi dayanır. ABŞ üçün isə Suriyada qalmaq və ya çəkilmək məsələsi artıq yalnız bir səbəblə izah olunur: İŞİD-lə bağlı risk.
Vaşinqton açıq şəkildə mövqeyini dəyişib. SDG ilə qurulan münasibət taktiki mərhələ kimi dəyərləndirilir və bu mərhələnin bitdiyi artıq gizlədilmir. ABŞ Suriyada İŞİD-lə mübarizəni bir silahlı struktur üzərindən yox, birbaşa Suriya dövləti ilə aparmaq qərarı verib. Bu qərar SDG-nin əlində olan ən güclü arqumentin – “İŞİD-lə mübarizə kartı”nın əlindən alınması deməkdir. Amerikalıların mesajı aydındır: Suriyada dövlət inşa olunmadan İŞİD problemi həll edilə bilməz.
İŞİD məhbusları və real təhlükə
Prosesin ən kritik hissəsi İŞİD məhbusları ilə bağlıdır. Təxminən 9 min İŞİD üzvünün böyük hissəsinin Suriyadan çıxarılaraq İraqa köçürülməsi planı təsadüfi deyil. ABŞ bu addımla həm Suriya hökumətinin əlini rahatladır, həm də SDG üzərindəki asılılığı tam bitirir. Son aylarda yüzlərlə İŞİD məhbusunun qaçması Vaşinqtonda ciddi narazılıq yaradıb və SDG-yə inamı minimuma endirib. ABŞ üçün bu artıq təhlükəsizlik məsələsidir, siyasi manevr mövzusu deyil.
Hol Kampı – sabahın problemi
İŞİD ailələrinin saxlandığı Hol Kampı hələlik yerində qalır. Rəsmi olaraq düşərgənin təhlükəsizliyinə Suriya hökuməti cavabdehdir, gələcəkdə isə BMT-nin bu prosesi üzərinə götürməsi gözlənilir. Amma reallıq ondan ibarətdir ki, Hol Kampı sadəcə humanitar yox, ideoloji və təhlükəsizlik baxımından “vaxtı qurulmuş bomba”dır. Bu düşərgədə nəzarətsiz qalan hər element gələcəkdə yeni İŞİD dalğasının əsasını qoya bilər.
Yeni Suriya modeli və İŞİD mərkəzli yanaşma
Formalaşan model federasiya, muxtariyyət və ya kvota sistemi üzərində qurulmur. Gücləndirilmiş vilayət idarəçiliyi mərkəzi hökumətə bağlı qalır və bu strukturun legitimliyi birbaşa İŞİD-lə mübarizə üzərindən qurulur. ABŞ, Türkiyə və regiondakı digər aktorlar üçün əsas məsələ Suriyanın parçalanması yox, İŞİD-in yenidən dirilməsinin qarşısını almaqdır. Bu səbəbdən inteqrasiya prosesi çatışmasız başa çatmasa, hərbi variantın da masadan qalxmadığı açıq şəkildə hiss olunur.
İŞİD təkcə Suriyada deyil
Bu nöqtədə çox vacib bir həqiqət var: İŞİD problemi yalnız Suriya ilə məhdudlaşmır. Bu terror şəbəkəsi artıq qlobal xarakter alıb və müxtəlif ölkələrdə ideoloji, maliyyə və gizli hüceyrə formasında yenidən dirildilir. Münaqişə zonalarında buraxılan boşluqlar, nəzarətsiz düşərgələr və siyasi qeyri-müəyyənliklər İŞİD üçün yeni imkanlar yaradır. Suriyada edilən hər səhv addım başqa bir ölkədə təhlükə kimi geri qayıda bilər.
Azərbaycan faktoru və DTX mesajı
Məhz buna görə Azərbaycan da bu prosesləri çox diqqətlə izləyir. İŞİD təhlükəsi Azərbaycan üçün uzaq coğrafiyanın problemi kimi deyil, potensial daxili risk kimi qiymətləndirilir. Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həyata keçirilən son İŞİD əməliyyatı bunun açıq sübutudur. Bu əməliyyat göstərdi ki, terror artıq klassik silahlı hücum formasında yox, gizli şəbəkələr, radikal təbliğat və ideoloji təsir üzərindən yayılmağa çalışır. Azərbaycan bu təhlükəni vaxtında görür və qabaqlayıcı tədbirlərlə neytrallaşdırır.
Bu gün hələ də bir sıra “dəvətçi”lərin üstüörtülü İŞİD təbliğatı aparmaları, bu terror ideologiyasının daşıyıcısı olub, söhbətlərdə insanları zəhərləmələri sirr deyil. Bu yöndə təbliğat Suriya müharibəsi başlayanda öz effektini verdi və minlərlə azərbaycanlı bizə aidiyyəti olmayan bir savaşda can verdi. Bu gün də o ideologiya ilə bağlı təbliğat aparılır. Maraqlısı budur ki, ölkəmizdə İŞİD təbliğatının aparılmasının kökü də xarici xüsusi xidmət orqanlarına çıxır. Xüsusilə, Rusiyaya. Nə qədər maraqlı da olsa, Rusiya Qafqazda, həm də daha çox azərbaycanlılar arasında bu ideologiyanın yayılmasında maraqlıdır. Elə Suriyada da İŞİD-in məhz Rusiyanın geri çəkilməsindən sonra “xortlaması” bu barədə sualları artırır.
Qısacası, Suriya sahəsində baş verənlər yalnız bir ölkənin daxili məsələsi deyil. İŞİD amili bütün regionu və ondan kənarı birbaşa təsir altına alır. Bu prosesin inteqrasiya və dövlət inşası yolu ilə tamamlanması təkcə Suriya üçün yox, Türkiyə, Azərbaycan və daha geniş coğrafiya üçün təhlükəsizlik deməkdir. Əks halda, bu gün Suriyada nəzarətsiz qalan risklər sabah başqa ölkələrdə çox daha ağır formada qarşımıza çıxa bilər.

Aqil Ələsgər












