İkinci əl avtomobillərə tələbat KƏSKİN ARTDI: Bazarda ehtiyat hissələri niyə bahalaşır? - VİDEO
2026-cı il yanvarın 1-dən etibarən xaricdən idxal olunan hibrid və elektrik avtomobillərinə tətbiq edilən ƏDV və gömrük rüsumu güzəştlərinin müddətinin başa çatması avtomobil bazarında yeni müzakirələrə yol açıb. Bu, alıcıların daha çox ikinci əl avtomobillərə yönəlməsinə səbəb olub. Mövcud vəziyyətin ehtiyat hissələri bazarına da təsirsiz ötüşmədiyi bildirilir.
Mövzu ilə bağlı Yenicag.az-a açıqlamasında nəqliyyat eksperti Rövşən Həsənov bildirib ki, rüsum güzəştlərinin başa çatması avtomobil almaq istəyənlərin büdcəsinə ciddi təsir göstərir:

“Gömrük rüsumlarının güzəştlərinin müddətinin başa çatması alıcıların istər taksi sektorunda, istərsə də fərdi istifadə üçün ikinci əl nəqliyyat vasitələrinə marağını artırıb. Burada əsas məsələ büdcə amilidir”.
Rövşən Həsənovun sözlərinə görə, ikinci əl avtomobillərə tələbatın artması ehtiyat hissələri bazarında da qiymət artımına səbəb olub:
“İkinci əl avtomobillər, yeni nəqliyyat vasitələrindən fərqli olaraq, artıq amortizasiya müddətini başa vurmuş olur. Xüsusilə Avropa, Amerika və Koreyadan gətirilən avtomobillərdə bu, daha açıq hiss olunur. Amortizasiya dövrü bitdiyinə görə ehtiyat hissələrinə tələbat artır və bundan sui-istifadə edən bəzi iş adamları qiymətləri süni şəkildə yüksəldir”.
Ekspert hesab edir ki, bu proses uzunmüddətli olmayacaq və bazar müəyyən müddətdən sonra tarazlaşacaq. O, eyni zamanda bəzi avtomobil markaları ilə bağlı mövcud problemlərə də diqqət çəkib:
“Bəzi avtomobil markalarının Azərbaycanda hələ rəsmi distribütoru yoxdur. Rəsmi distribütor bazara daxil olmayana qədər bəzi işbazlar qeyri-qanuni yollarla əlavə rüsumlar tətbiq edir. Bu vəziyyət də qiymət artımını şərtləndirən əsas amillərdən biridir”.
Ətraflı videomaterialda:
Samir Məcid












