Səhiyyə ekspertindən XƏBƏRDARLIQ: “Hazırda əhali arasında 200-ə yaxın virus növü sirkulyasiya edir”
“Hazırda əhali arasında geniş yayılan qrip xəstəlikləri əsasən hava-damcı yolu ilə keçir.”
Yenicag.az xəbər verir ki, bu sözləri açıqlamasında səhiyyə eksperti Mərdan Əliyev bildirib.

Ekspert son günlər əhalinin böyük hissəsinin əziyyət çəkdiyi qrip virusu və ondan qorunma yolları haqqında danışıb:
“Hazırda yayılan və tibbdə tənəffüs yolunun kəskin xəstəlikləri adlanan bu bəla 200-ə yaxın virus tərəfindən törədilir. Simptomlar boğaz ağrısı, burun tutulması, öskürək, hərarət və əzələ ağrıları ilə müşahidə olunur. Xəstə şəxslə bir metr məsafədə durmaq belə yoluxma üçün kifayətdir. Mikrodamcılar vasitəsilə minlərlə virus orqanizmimizə daxil olur”.
M. Əliyev xüsusilə qidalanma və immun sistemi ilə bağlı ciddi xəbərdarlıq edib:
“İmmun sistemini zəiflədən ən böyük düşmən şirniyyatdır. Hazırda qidalanma çox pis vəziyyətdədir. İnsanlar şirniyyat yerinə meyvəyə üstünlük verməlidir. Alma və xüsusilə KİVİ immun sistemi üçün çox faydalıdır. Kivi Vitamin C ilə zəngin olduğu üçün immun sistemini yüksək səviyyədə saxlayır və yoluxmanın qarşısını almağa kömək edir”.
Nurlan Cəfəri












