PKK-nın terror xətti PLANI: Terror təşkilatından ikibaşlı OYUN
PKK terror təşkilatının liderlərindən Murat Karayılan, 15 günlük atəşkəs davam etdiyi halda yenidən təhdid dolu açıqlamalar verib. O, “atəşkəsə güvənməyin” deyərək Suriyanın şimalında, Türkiyə sərhədi boyunca terror xətti yaratmaqdan danışıb. Bu açıqlamalarla paralel olaraq, Şamda SDG ilə Suriya hakimiyyəti arasında aparılan danışıqlarda razılaşmanın yaxın olduğu bildirilir.
Suriyanın şimalında 15 günlük atəşkəsin qüvvədə olduğu, SDG silahlı dəstələrinin Suriya ordusuna inteqrasiyasının müzakirə edildiyi bir dövrdə, PKK-nın rəhbərlərindən Murat Karayılanın açıqlamaları “prosesi hədəf alan və terror seçimini canlı saxlamağa yönəlmiş addım” kimi dəyərləndirilir. Karayılan atəşkəsə etibar edilməməsini istərkən Kobani mərkəzli koridor, beynəlxalq müşahidə və mühasirənin aradan qaldırılması kimi mövzular üzrə sahədəki silahlı qruplara yön verib.
“Atəşkəsə etibar etməyin” çağırışı Karayılanın çıxışında önə çıxan əsas məqam olub. “İndiyə qədər heç bir atəşkəsə əməl etməyiblər” deyən Karayılan, həm ictimaiyyətə, həm də silahlı qruplara atəşkəsə arxalanmamağı tövsiyə edib. Rəsmi çevrələr bu cür açıqlamaların, atəşkəsin davam etdiyi bir mərhələdə zorakılığın yenidən alovlanması riskini artıran psixoloji təzyiq kimi qiymətləndirildiyini bildirir.
Açıqlamaların ikinci əsas hissəsi Ayn əl-Ərəb, yəni Kobani ilə bağlı olub. Karayılan şəhərin “mühasirə altında” olduğunu iddia edərək üç tələb irəli sürüb: Kobani üzərindəki mühasirənin götürülməsi, Kobani ilə Cizirə arasında daimi bir koridorun açılması və Kobaniyə beynəlxalq səviyyədə havadan müşahidə mexanizminin qurulması. Türkiyənin təhlükəsizlik mənbələrinə görə isə bu tələblər Türkiyə sərhədi boyunca daimi terror xətti yaratmağa yönəlmiş klassik təşkilati taktikaları əks etdirir. Xüsusilə “daimi koridor” ifadəsi silahlı qüvvələrin və logistikanın fasiləsizliyini təmin etmək məqsədi daşıyır.
Karayılanın bu açıqlamalarının zamanlaması da diqqət çəkir. Suriyada SDG silahlı dəstələrinin mərkəzi orduya inteqrasiyasının gündəmdə olduğu bir vaxtda edilən bu çıxışlar Ankarada “inteqrasiya prosesini sabotaj etmək və silahlı muxtar sahələri qorumaq cəhdi” kimi oxunur. Karayılan bir tərəfdən “təşkilati bağlılıq yoxdur” iddiasını səsləndirir, digər tərəfdən isə sahədəki silahlı qruplara müdafiə, dəstək və prosesin beynəlxalqlaşdırılması çağırışları edir. Mütəxəssislərin fikrincə, bu ziddiyyət siyasi ritorika ilə silahlı fəaliyyətin ört-basdır edilməsinə xidmət edir.
Digər tərəfdən, Suriya televiziyasının yaydığı məlumata görə, Mazlum Abdi başda olmaqla bir heyət Şamda danışıqlar aparıb və əldə olunan ilkin razılaşma çərçivəsində Suriya Daxili İşlər Nazirliyinə bağlı polis və daxili təhlükəsizlik qüvvələrinin Qamışlı, Həsəkə və digər strateji şəhər mərkəzlərində təhlükəsizliyi təmin etmək üçün yerləşdirilməsi qərara alınıb. Bildirilir ki, bu razılaşma bütün cəbhə xətlərində hərbi əməliyyatların tam dayandırılmasını nəzərdə tutur. Eyni zamanda SDG tərkibindəki bölmələrin Suriya dövlət qurumlarına inteqrasiyası üçün prosedurların başladılması qərara alınıb və prosesin detalları yaxın dövrdə ictimaiyyətə açıqlanacaq.
Suriya İnsan Haqları Müşahidə Evi də bu razılaşmanı təsdiqləyib. Suriya mediasında yer alan xəbərlərə görə, şəhərlərin təhlükəsizliyi və giriş-çıxış nəzarəti əsasən yerli əhalidən formalaşdırılmış, ərazini yaxşı tanıyan və dövlət strukturlarına inteqrasiya edilmiş “Asayiş” qüvvələrinin üzərinə düşəcək. Bu addımın həm dövlət hakimiyyətini təmsil etmək, həm də bölgədəki yerli əhalinin qorunmasını təmin etmək məqsədi daşıdığı vurğulanır.
Araşdırmaçı jurnalist Yeşim Eryılmaz Yenicag.az-a məsələni şərh edərkən bildirib ki, Murat Karayılanın bu açıqlamaları təsadüfi deyil və birbaşa mövcud prosesi pozmağa hesablanıb.

Onun sözlərinə görə, atəşkəsin davam etdiyi bir mərhələdə “güvənməyin” çağırışı etmək sülh mühitini zəiflətmək və silahlı strukturları daim hazır vəziyyətdə saxlamaq məqsədi daşıyır.
Yeşim Eryılmaz vurğulayıb ki, Karayılanın Kobani və “daimi koridor” üzərində qurduğu ritorika köhnə taktikanın yeni formada təqdimatıdır. Bu yanaşma real təhlükəsizlik ehtiyacından çox, Türkiyə sərhədi boyunca nəzarət edilən bir xətt yaratmaq və beynəlxalq diqqəti yenidən bu bölgəyə çəkmək cəhdidir. Jurnalistin fikrincə, “beynəlxalq müşahidə” çağırışları da məhz bu məqsədə xidmət edir.
Eryılmaz hesab edir ki, açıqlamaların zamanlaması xüsusilə diqqət çəkir. Şamda SDG ilə Suriya hakimiyyəti arasında inteqrasiya danışıqları gedərkən bu cür çıxışlar, prosesdən narahat olan silahlı qanadın açıq mesajıdır. Onun qənaətinə görə, bu mesajın mahiyyəti sadədir: siyasi razılaşma riski artdıqca, silah dili yenidən ön plana çıxarılır.
Amir Aqiloğlu












