!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

AAK-da aparılan islahatlar və onların əhəmiyyəti

!Reklam – Yazi

Son günlər mətbuatda və sosial şəbəkələrdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında həyata keçirilmiş islahatlara qarşı və müasir tələblər əsasında hazırlanaraq tətbiq edilmiş Əsasnamənin bəzi bəndlərinə qarşı müxtəlif fikir və iradlar səsləndirilməkdədir. Adı keçən iradlara qarşı ölkənin nüfuzlu ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının tanınmış alim və mütəxəssislərinin redaksiyamıza göndərdikləri aydınlatma xarakterli məktubunu saytımızda dərc etdirməyi məqsədəuyğun hesab edirik.

AAK-da aparılan islahatlar və onların əhəmiyyəti

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının son zamanlarda apardığı islahatlar Azərbaycan elmini dünyanın inkişaf etmiş ölkələrində mövcud olan elmi mühitə yaxınlaşdırır. Bu qurumda aparılan islahatları yalnız neqativ halların rüşvətin qarşısının alınmasına və şəffaflığın təmin olunmasına yönəltmək düzgün olmazdı. Son zamanlarda beynəlxalq elmmetrik bazaların formalaşması və elmi jurnalların inkişaf etməsi nəticəsində internet resurslarından istifadə etməklə asanlıqla alimlərin elmi göstəricilərini müəyyənləşdirmək mümkündür. İstər fəlsəfə doktorluğu, istər elmlər doktorluğu dissertasiya işlərini müdafiə etmək istəyən iddiaçıların elmi göstəricilərinə nəzər yetirməklə, bu iddiaçıların uyğun elmi adı almağa layiq olub-olmamalarını müəyyən etmək o qədər də çətin deyil. Ona görə də AAK-ın qəbul etdiyi qərarlar elə şəkildə olmalıdır ki, yüksək tədqiqatçılıq göstəricilərinə malik olan iddiaçılar çətinlik çəkmədən bu elmi dərəcələri ala bilsinlər.

Azərbaycan Respublikası Prezidentinin 2019‐cu il 11 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında əsasnamə”də verilmiş yeni qaydalar elmin müasir tələblərindən irəli gəlir.

Məsələn, əsasnamənin 2.17-ci bəndində göstərilmişdir ki: “Fəlsəfə doktoru dissertasiyasının nəticələrinə dair iddiaçının ikisi həmmüəllifsiz olmaqla beş, o cümlədən beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə (bazalarına) daxil olan dövri elmi nəşrlərdə humanitar və ictimai elmlər üzrə azı bir, dəqiq və təbiət elmləri üzrə azı iki məqaləsi dərc edilməlidir”. Əgər biz bu gün dünya elminə inteqrasiya etmək istəyiriksə, aparılan tədqiqatlarımız nəticəsində ərsəyə gələn elmi əsərlərimiz nüfuzlu nəşriyyatlarda nəşr olunmalı, əsərlərimizə beynəlxalq istinadlar olmalı, çap olunmuş hər bir elmi əsərimiz beynəlxalq elmmetrik bazalarda yerləşdirilməlidir. Əks halda bizim alimlərimiz dünya ictimaiyyəti tərəfindən ciddi qəbul edilə bilməzlər. Biz hesab edirik ki, elmi dərəcə almaq istəyən iddiaçıların mütləq həmmüəllifsiz məqalələri olmalıdır. Çünki bu məqalələr iddiaçının müstəqil elmi iş bacarıqlarını nümayiş etidəcəkdir. Elmi dərəcəsi olan hər bir alim, doktorant və ya dissertantlara elmi rəhbərlik etmək hüququna malik olur. Əgər bu elmi dərəcəni almaq istəyən iddiaçı sərbəst olaraq elmi məqalə yazmaq iqtidarında deyilsə, gələcəkdə ondan necə elmi rəhbər ola bilər? Ona görə də yeni əsasnamədə bu tələbi tətbiq etməklə, eyni zamanda, həm də iddiaçılardan məqalə yazmaq bacarığı tələb edilir. Əsasnamənin 2.18-ci bəndində bu tələblər bir qədər yüksək şərtlərlə elmlər doktorlarına da şamil edilmişdir.

Əsasnamənin 3.18-ci bəndində göstərilmişdir ki: “Dissertasiya işinin avtoreferatı Azərbaycan dilində yazıldıqda, onun Komissiyanın müəyyən etdiyi miqdarda (30‐dan çox olmamaqla) ingilis dilində nüsxələri çap edilir”. Bu tələb də müasir dövrün tələbləri baxımından çox vacib bir tələbdir. Çünki yüksək reytinqli nüfuzlu universitetlərdə fəaliyyət göstərən alimlərin internet səhifələrinə nəzər salsaq görərik ki, onların dissertasiyaları hansısa formada səhifələrində yerləşdirilmişdir. Hesab edirik ki, bizim iddiaçılarımız əsasən dissertasiya işlərini Azərbaycan və rus dillərində yazdıqlarına görə bu işin dünya elmi ictimaiyyətinə təqdim edilməsi üçün avtoreferatların ingilis dilinə tərcümə edilməsi müasir dövrün vacib tələblərindəndir. Son zamanlarda mətbuatda bəzi fikirlər səslənir ki, guya bu qərar kommersiya xarakteri daşıyır və avtoreferat yalnız AAK-ın təyin etdiyi yerlərdə ingilis dilinə tərcümə etdirilməlidir. Lakin bu əsassızdır və AAK-ın belə bir tələbi yoxdur. Hər bir alim əsərlərini, o cümlədən də avtoreferatını istədiyi şəkildə xarici dilə çevirib istənilən yerdə dərc etdirə bilər.

Azərbaycan Respublikası Prezidentinin 2019‐cu il 11 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”də verilmiş yeni qaydalar Azərbaycan elminin dünya elminə inteqrasiya etməsinə xidmət edir. Həmçinin yeni əsasnamə yüksək göstəricilərə malik olan fəlsəfə doktorlarının elmlər doktorluğu dissertasiya işi müdafiə etməyərək professor elmi adını almaq imkanı yaradır.

AAK-nın son illərdə apardığı islahatlar həqiqi alimlərin elmi dərəcə və elmi adların asanlıqla alınması imkanlarını yaradır. Lakin bəzən yeni qaydalardan narazı olan və mətbuatda necə gəldi iradlarını bildirən bir sıra iddiaçılara rast gəlinir. Bu iradların bir çoxu başa düşülməzdir. Məsələn, dissertasiya şurasının seminarında çıxış etməkdən yayınmaq cəhdlərinə rast gəlinir. Dünya praktikasına nəzər salsaq görərik ki, seminarlar alimlərin öz elmi yeniliklərinin və biliklərinin nümayiş etdirilməsi üçün yaradılmış ən mükəmməl imkan sayılır. Alimlər öz elmi fəaliyyətlərində seminarlarını xüsusi olaraq qeyd edirlər. Hətta bir çox beynəlxalq qrant layihələrinin şərtlərində elmi seminarda çıxış tələbi də vardır. Ona görə də, iddiaçının seminarda çıxış etmək tələbindən yayınmaq istəməsi onun elmi işlərinin müzakirə edilməsindən qorxması kimi başa düşülür.

Son olaraq onu qeyd etməliyik ki, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının apardığı islahatlar Azərbaycan alimləri tərəfindən dəstəklənir və bu islahatlar alqışa layiqdir.

Qocayev Eldar
Azərbaycan Texniki universiteti, Fizika kafedrasının müdiri, Əməkdar elm xadimi, Fizika-riyaziyyat elmləri doktoru, Professor.
Vaqif Novruzov
Gəncə Dövlət Universiteti, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, Biologiya elmləri doktoru, Professor.
Teymur İlyaslı
Bakı Dövlət Universiteti, Ümumi və qeyri-üzvi kimya kafedrasının müdiri, Kimya elmləri doktoru, Professor.
Rövşən Xəlilov
Bakı Dövlət Universiteti, Biofizika və Molekulyar biologiya kafedrasının müdiri, Fizika-riyaziyyat elmləri doktoru, Professor.
Teymur Ağayev
AMEA-nın Radiasiya Problemləri İnstitutu, Heterogen proseslərin radiasiya kimyası laboratoriyasının rəhbəri, Kimya elmləri doktoru, Professor.
Həmzə Seyidli
Azərbaycan Dövlət Pedaqoji Universiteti, Fizika-riyaziyyat elmləri doktoru, Professor.
Muğan Quliyev
Gəncə Dövlət Universiteti, Fizika və texniki fənnlər fakültəsinin dekanı, Riyaziyyat elmləri doktoru, Professor.
Mail Tağıyev
AMEA Fizika İnstitutu, Fizika elmləri doktoru, Professor.
Telman Quliyev
Gəncə Dövlət Universiteti, Azərbaycan dili kafedrasının müdiri, Filologiya elmləri doktoru, Professor.

www.yenicag.az

1139
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv