Abel Məhərrəmov NİDA-nı günahlandırdı
Bakı Dövlət Universitetinin (BDU) rektoru, YAP-ın elm və təhsil komissiyasının sədri Abel Məhərrəmov bu gün partiyanın qərargahında ilk iclasını keçirib.
Virtualaz.org saytının tədbirdə iştirak edən müxbiri xəbər verir ki, Abel Məhərrəmov iclasda universitetdə baş verən etiraz aksiyasından da danışıb.
Rektor bildirdi ki, etiraz aksiyasında BDU-nun cəmi 7 tələbəsi iştirak edib: “Universitetdə təhsil alan, 5 imtahanın 5-dən də kəsilən 7 tələbə aksiyada iştirak edib. Onları çağırıb söhbət etmişik. Tələbələr etiraf ediblər ki, onları qızışdıranlar olub. Bu qızışdıranlar isə NİDA Vətəndaş Hərəkatının üzvləri və digərləri olub”.
A.Məhərrəmov qeyd etdi ki, təxminən 20-25 nəfər BDU-ya aid olmayan şəxslər, işsiz adamlar bu məsələdən ajiotaj yaradıb, məsələyə siyasi don geyindirməyə çalışıblar.
Rektor universitetdəki aksiyaya görə NİDA Hərəkatını günahlandırdı və sosial şəbəkələrdən sağlam istifadənin vacibliyini vurğuladı.