ABŞ-Aİ xəttində ŞOK PARÇALANMA – Ukraynanın “səssiz bölünməsi” GÜNDƏMDƏ
“ABŞ və Aİ arasında bu problemə yanaşmada fərqli baxışlar müharibənin davam etməsinə, son nəticədə Ukraynanın nüfuz dairələrinə bölünməsinə səbəb olacaq”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Elşən Manafov deyib.
Elşən ManafovO, Rusiya-Ukrayna müharibəsi fonunda Paris görüşünü və ümumi prosesləri təhlil edərkən deyib ki, ABŞ-nin vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında danışıqlar bu il fevralın 25-də Səudiyyə paytaxtı Ər-Riyadda başlanıb:
“Danışıqlar tərəflər arasında sülh müqaviləsinin imzalanması məqsədilə başlansa da, Kiyev bu danışıqlarda faktiki olaraq iştirak etmirdi. Bu da bir sıra amillərlə bağlıdır. Əvvəla Ukrayna prezidenti Volodimir Zelenski atəşkəs şərtlərini qəbul etməyib, Avropa İttifaqının (Aİ) dəstəyinə arxalanaraq müharibəni davam etdirmək kursunu götürüb. Bu işdə onun Aİ-dəki himayədarları, xüsusilə Britaniya və Fransa onun belə qərara gəlməsinə ciddi təsir ediblər”.
E. Manafovun fikrincə, ABŞ prezidenti Donald Trampın Aİ-nin iştirakı olmadan Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparmaq qərarı qurumun oyundankənar vəziyyətə qoyulma riskini artırır:
“Birlikdəki qlobalistlər bəlli şərtlər çərçivəsində Putinlə danışıqların aparılmasını dəstəkləməyiblər. Onlar Zelenskidə əminlik yaratmaq istəyirlər ki, Aİ ABŞ-nin iştirakı olmadan belə Rusiyaya qarşı aparılan müharibədə rəsmi Kiyevə hərbi-texniki və maliyyə dəstəyi verəcək.
Bundan əlavə, lazım olarsa, Ukrayna ərazisinə Aİ-nin sülhməramlı hərbi kontingentinin yerləşdirilə biləcəyi ilə bağlı bəyanatlar verilirdi. Lakin Rusiya ilə birbaşa hərbi toqquşma ehtimalı Aİ-ni bu məsələdə yekdil qərar qəbul etmək fikrindən daşındırıb. Rusiya sülhməramlıların münaqişə tərəflərinin razılığı ilə yerləşdirilə bilməsi amilini xatırladaraq, bu qərarın qəbul olunmasını Aİ tərəfindən özünə qarşı müharibə qərarı kimi qəbul edəcəyini bildirib”.
“Digər tərəfdən, ABŞ-nin dəstəyi olmadan Aİ-nin Ukraynaya hərbi və maliyyə dəstəyi göstərmək üçün kifayət qədər imkanları yoxdur. Aİ isə bu məsələdə sadəcə “əzələ nümayiş” etdirməyə cəhd edərək Rusiyanı Ukrayna ilə danışıqlar masası arxasına onun maraqlarına cavab verən şərtlər əsasında oturtmağa çalışır. Halbuki bununla bağlı məsələlərə Rusiyanın öz fərqli baxış və təklifləri var”, – deyə o, əlavə edib.
Müsahibimiz söyləyib ki, Rusiya ABŞ-nin sülhə nail olmaq səylərini yüksək qiymətləndirərək 1 ay ərzində atəşkəsə əməl etməklə bağlı çağırışları qəbul edib:
“Lakin 3.700 km-dən çox olan cəbhə xəttində atəşkəsin monitorinqinin necə aparılacağı ilə bağlı suallar ortaya çıxır. Bundan əlavə, Rusiyanın sülh müqaviləsindən sonra belə hərbi əməliyyatlar zamanı ələ keçirilmiş ərazilərin onda qalacağı ilə bağlı iddiaları var, yəni Krım, Donetsk, Xarkov, Donbas, Luqansk və digər ərazilərin Ukraynaya qaytarılması Kremlə görə danışıqların mövzusu ola bilməz. Nəhayət, Ukrayna bitərəf qalacağı və heç bir vəchlə NATO-ya üzv olmayacağı ilə bağlı öhdəliklər götürməlidir. Rusiyanın digər tələbi Ukraynada prezident seçkilərinin keçirilməsidir, bu isə Rusiyaya görə Zelenski rejiminin qeyri-legitimliyindən irəli gəlir, çünki onun qanuni səlahiyyətləri keçən ilin mayında başa çatıb”.
“Tərəflər atəşkəslə bağlı razılaşmada enerji obyektlərinə zərbə endirməyəcəkləri ilə bağlı öhdəliklər götürsələr də, faktiki olaraq ona riayət etməyiblər. Sadalanan amillər kontekstində Parisdə ABŞ və Aİ arasında gedən danışıqlarda ABŞ-nin Avropa İttifaqının mövqeyini dəstəkləməklə bundan sonra da Ukraynaya hərbi və maliyyə dəstəyi göstərməklə bağlı məsələdə razılığa gətirməyinin mümkün olmayacağını demək mümkündür. ABŞ və Aİ arasında bu problemə yanaşmada fərqli baxışlar müharibənin davam etməsinə, son nəticədə isə Ukraynanın nüfuz dairələrinə bölünməsinə səbəb olacaq. Qərbi Ukraynanın yalnız bir hissəsi bufer dövlət olaraq saxlanılacaq, qalan ərazilər Avstriya, Polşa, Rumıniya, Macarıstan arasında nüfuz dairələrinə bölünəcək. Ukraynanın resursları üzərində (Şərqi istisna olmaqla) nəzarət və istismar hüququ ABŞ-yə keçəcək”, – deyə o fikirlərini tamamlayıb.
Nəsimi Ələsgərli