Səhiyyə nazirinin vəzifədən azad olunması: "Heç kəslə razılaşmır, işinə ciddi yanaşmırdı..."
“Onun gedişi müsbət haldır”.
Bunu Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Samiq Sadıxovun tutduğu vəzifədən azad edilməsi barədə Yenicag.az-a açıqlama verən tanınmış jurnalist Heydər Oğuz deyib.
H.Oğuz bildirib ki, həmin nazir, əslində, çoxdan getməli idi:
“Çünki onun üzərində kifayət qədər ittihamlar var. Həmçinin yeyinti məsələləri ilə bağlı ciddi iddialar səsləndirilir. Ondan əvvəl tibbi sığortanın rəhbəri olub. Həmin dövrdə də yeyinti halları ilə bağlı şübhələr mövcud idi. Amma nədənsə onun gedişi ləngidildi.
Onun vəzifədən getməsi istənilən halda, Naxçıvanda səhiyyə sistemində yeni nəfəs yaradacaq. Çünki o heç kəslə razılaşmır, işinə ciddi yanaşmırdı, vəzifəsini səmərəli idarə etmirdi. Bu isə həm yerli əhali arasında, həm də məmurlar və həkimlər arasında ciddi narazılıq yaradırdı. Hər halda, onun gedişi müsbət haldır”.
Nəsimi Ələsgərli












