ABŞ-də tarixi anlaşma: "Qafqaz beynəlxalq iqtisadi və ticarət yoluna çevriləcək"
İranın Ali Dini Rəhbərinin müşaviri Əli Əkbər Velayəti “Tramp marşrutu” adlandırdığı layihəyə qarşı çıxış edərək ABŞ-nin Qafqazda bu təşəbbüsünün qarşısını alacaqlarını bildirib. Onun sözlərinə görə, bu keçid guya bölgənin təhlükəsizliyini təhdid edir və geosiyasi xəritəni dəyişdirir.
Tasnim xəbər agentliyinə müsahibəsində Velayəti Trampın “Zəngəzur dəhlizi”nin 99 illiyə icarəyə verilməsi barədə iddialarını sərt tənqid edərək: “Qafqaz sahibsiz yer deyil ki, Tramp onu icarəyə götürsün. Bu keçid Trampın quldurlarının qəbiristanlığı olacaq”, – deyib.
Vətəndaş Həmrəyliyi Partiyasının Siyasi Şurasının üzvü Asif Şəkərli isə məsələyə cavabında bildirib ki, cənab Velayəti, görünür, Tramp dövründə İranın hansı vəziyyətə düşdüyünü unudub:
“Yaxın günlərdə İsrailin İranda yüksək rütbəli ordu generalları və rəhbər şəxslərə qarşı həyata keçirdiyi əməliyyatlar, onların öz evlərində vurulması hər kəsin yaddaşındadır. O vaxt yeraltına sığınanlar indi Qafqazın ‘sahibi’ rolunda çıxış etməyə çalışırlar. Qafqazın sahibi burada yaşayan xalqlar və bu ərazidəki suveren dövlətlərdir. Kimsə kənardan bölgəyə sahiblik iddiasında ola bilməz”.
Asif Şəkərli vurğulayıb ki, 8 avqustda imzalanmış son birgə bəyanat Azərbaycan və Ermənistan arasında sülh istiqamətində mühüm addımdır, bölgə üçün isə işıq, gələcək və ümid mənbəyidir:
“Bu sənəd bölgədə sabitlik və əməkdaşlıq dövrünün başlanğıcıdır. O, həmçinin Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı hərbi zəfərin diplomatik müstəvidə təsdiqi kimi də dəyərləndirilə bilər. ABŞ-nin iştirakı isə İran və Rusiya kimi təxribatçı qüvvələrin müdaxiləsinə qarşı qarant rolunu oynayır. Bu razılaşma ilə bölgədə uzun illərdir davam edən təxribatçı, məkirli siyasətə son qoyulacaq. Qafqaz beynəlxalq iqtisadi və ticarət yoluna çevriləcək, Qərb ilə Şərqi, Türk Dünyasını birləşdirən açar mərkəz rolunu oynayacaq”.