ABŞ iki yol AYRICINDA: “Bu, uzunmüddətli və davamlı sülh demək deyil”
“ABŞ prezidenti Donald Trampın son açıqlamaları vəziyyəti daha da gərginləşdirib”.
Yenicag.az xəbər verir ki, bunu Rusiya-Ukrayna müharibəsindəki sülh prosesinin çətinliyini təhlil edən beynəlxalq münasibətlər üzrə ekspert Conatan Este deyib.
Onun sözlərinə görə, Ukraynada baş verən münaqişənin sülh yolu ilə həlli getdikcə daha da çətinləşir:
“ABŞ-nin təşəbbüsü ilə aparılan danışıqlarda tərəflərin hansı nəticəyə gələcəyi qeyri-müəyyən olaraq qalır. ABŞ зrezidenti Donald Trampın son açıqlamaları vəziyyəti daha da gərginləşdirib. O, Ukrayna prezidenti Volodimir Zelenskini və Rusiya prezidenti Vladimir Putini razılığa gəlmək istəmədiklərinə görə sərt tənqid edib. Tramp Zelenskini sülhə mane olmaqda və Ukraynanı çətin vəziyyətə salmaqda günahlandırıb”.
Analitikin fikrincə, ABŞ prezidenti və dövlət katibi Marko Rubioya isə bildiriblər ki, əgər yaxın günlərdə konkret razılaşma əldə olunmasa, ABŞ danışıqlardan uzaqlaşa bilər:
“Əgər tərəflər atəşkəslə bağlı razılaşsalar belə, bu, hələ uzunmüddətli və davamlı sülh demək deyil. Rusiyanın daha əvvəl atəşkəs razılaşmalarını pozması yeni təşəbbüslərə inamı azaldır. Müharibənin uzanması və Rusiyanın davam edən hücumları həm iqtisadi, həm də humanitar baxımdan ciddi itkilərə səbəb olur. Bu, Qərb dövlətlərinin birliyinə və münaqişəyə yanaşmasına təsir göstərir. Avropa ölkələri yaranmaqda olan yeni beynəlxalq güc balansında öz təhlükəsizlik strategiyalarını yenidən nəzərdən keçirməyə məcbur qalırlar. Ukraynanın müttəfiqləri ABŞ, Çin və Rusiya kimi böyük güclərin formalaşdırdığı bu sistemdə öz yerlərini müəyyənləşdirməyə çalışırlar”.
“Eyni zamanda, ABŞ ictimaiyyətinin Ukraynaya münasibəti də tam aydın deyil. Trampın Rusiyaya yaxın ritorikası cəmiyyətin bir hissəsi tərəfindən tənqid olunur. Son rəy sorğuları göstərir ki, amerikalıların əksəriyyəti Ukraynaya humanitar yardım göstərilməsini dəstəkləyir, lakin hərbi yardıma münasibət daha ehtiyatlıdır. Bununla belə, ABŞ-nin, ümumiyyətlə, münaqişəyə qarışmamasını istəyənlərin sayı da az deyil”, – deyə o bildirib.
Nəsimi Ələsgərli