Ceyhun Bayramov Lavrovla görüşəcək: Müzakirə mövzuları açıqlandı
Rusiyanın xarici işlər naziri Sergey Lavrov iki günlük rəsmi səfərlə Rusiyada olacaq Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüş keçirəcək.
Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.
Onun sözlərinə görə, görüşdə Rusiya–Azərbaycan münasibətlərinin hazırkı vəziyyəti və inkişaf perspektivləri, eləcə də regional və beynəlxalq gündəmdə duran aktual məsələlər müzakirə olunacaq.
Rusiya Xarici İşlər Nazirliyi bəyanatında bildirib ki, Ceyhun Bayramovun səfəri Rusiya–Azərbaycan arasında etimada əsaslanan siyasi dialoqun davamı və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Nazirlik Azərbaycanın Cənubi Qafqaz və Xəzər regionunda Rusiyanın mühüm tərəfdaşı olduğunu vurğulayaraq qeyd edib ki, iki ölkə arasında münasibətlər ənənəvi dostluq və mehriban qonşuluq ruhunda inkişaf edir, əməkdaşlıq isə bərabərlik, qarşılıqlı hörmət və bir-birinin maraqlarının nəzərə alınması prinsiplərinə əsaslanır.
Bəyanatda Moskvanın Cənubi Qafqazda sülh və sabitliyin qorunmasına xüsusi önəm verdiyi qeyd olunub. Rusiya tərəfi Azərbaycan və Ermənistan arasında münasibətlərin tam normallaşdırılması, sülh sazişinin imzalanması, sərhədlərin delimitasiyası və nəqliyyat kommunikasiyalarının açılması istiqamətində dəstək verməyə hazır olduğunu bir daha bəyan edib. Bildirilib ki, bu proseslərin əsas istiqamətləri 2020–2022-ci illərdə imzalanmış üçtərəfli bəyanatlarda öz əksini tapıb.
Nazirlik, həmçinin 3+3 Regional Əməkdaşlıq Platformasının (Rusiya, Azərbaycan, Türkiyə, İran, Ermənistan və Gürcüstan) regional problemlərin kənar müdaxilə olmadan həlli baxımından böyük potensiala malik olduğunu vurğulayıb.
Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, Moskvanın Azərbaycan iqtisadiyyatına yatırdığı investisiyaların həcmi 10 milyard ABŞ dollarını ötüb. Hazırda Azərbaycanda Rusiya kapitallı 1400-dən çox müəssisə fəaliyyət göstərir. Bunlar arasında VTB Bank, “Lukoil”, “Geropharm”, “Sibalux”, “Penoplex” və “Abrau-Dyurso” kimi şirkətlər yer alır. Eyni zamanda, “KAMAZ”, “GAZ Group”, “Sollers” və “AvtoVAZ” şirkətlərinin Azərbaycanda yığım istehsalı müəssisələri fəaliyyət göstərir.
Bəyanatda qeyd olunub ki, aprelin 16-da Zəngilanda Rusiya–Azərbaycan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının 24-cü iclası uğurla keçirilib.
Nazirlik humanitar və təhsil sahəsində əməkdaşlığın da inkişaf etdiyini vurğulayıb. Hazırda Rusiyada 9 mindən çox azərbaycanlı tələbə təhsil alır, onların 1000-dən çoxunun təhsil haqqı Rusiya federal büdcəsi hesabına ödənilir. Hər il Azərbaycan vətəndaşları üçün Rusiya ali məktəblərində təhsil almaq məqsədilə təxminən 280 dövlət təqaüdü ayrılır.













