“ABŞ Çinin Avropaya yolunu bağlamaqla hərbi, siyasi və iqtisadi dividendlərini qoruyub saxlamağa çalışır”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında ABŞ-ın qlobal rəqibləri sayılan Rusiya ilə Çini enerji meydanında zəiflətmək istiqamətində atdığı addımları dəyərləndirən Türkiyəli politoloq Salih Yılmaz deyib.
Salih Yılmazın sözlərinə görə, indiki vəziyyətdə ABŞ-ın kəskin addımları ilə üz-üzə qalan Rusiya ilə Çinin Türkiyəyə ehtiyacı artmaqdadır:
“Rusiyanın Aralıq dənizinin şərq hissəsində təsirini gücləndirmək və ABŞ-ın “Şərqi Aralıq dənizi” qaz layihəsini əngəlləmək üçün Türkiyəyə ehtiyacı artır.
Çinin son vaxtlarda öz gəmilərinin Aralıq dənizinin şərqinə göndərdiyini nəzərə alsaq, bölgədə yarana biləcək Rusiya-Çin-Türkiyə əməkdaşlığı Aralıq dənizinin şərqindəki təbii qaz ehtiyatlarının Qərbə ixracında anlaşılmazlıqlara yol aça bilər.
ABŞ-ın Aralıq dənizinin şərqində yeni blok yaradaraq, Arktikanı iqtisadi əhəmiyyəti olmayan bölgə vəziyyətinə salmaq cəhdlərinin nə qədər uğurlu olacağını indidən söyləmək çətindir.
Əslində, ABŞ-ın Şərqi Avropa və Baltikyanı ölkələr üzərindən Rusiyanı mühasirəyə alması həm də dolayısı ilə Çinin də o bölgəyə çıxış yollarının bağlanması anlamına gəlir.
Çinin Avropaya Suriya, İran və Şərqi Avropa ölkələrindən keçən yolunu bağlayan ABŞ bu siyasətlə hərbi, siyasi və iqtisadi dividendlərini qoruyub saxlamağa çalışır.
Ümumiyyətlə, enerji və ticarət prizmasından baxılmasa, ABŞ-ın Ukrayna və Suriya böhranlarında oynadığı rolu başa düşmək mümkün deyil”.
A.Zeynalov
www.yenicag.az