ABŞ-İran görüşündə yeni tarix BƏLLİ OLDU – Oman danışıqları aranı sakitləşdirə BİLƏCƏK?
“Aprelin 12-də Omanda İranın xarici işlər naziri Abbas Araqçı ilə ABŞ prezidenti Donalt Trampın xüsusi məsələlər üzrə nümayəndəsi Stiv Vitkoff arasında birbaşa görüş olacaq”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.
Siyasi təhlilçi İordaniyanın “Əl-Təğyir” telekanalı tərəfindən yaxın günlərdə İrana hücumun ediləcəyi ilə bağlı yayılan iddialara, habelə aprelin 12-də planlaşdırılan ABŞ-İran görüşlərinə münasibət bildirib.
Analitikin sözlərinə görə, sözügedən görüşün keçirilməsi ilə bağlı qərarın alınması o deməkdir ki, məsələ sakitliklə həll olunacaq:
“Çünki İran danışıqlarda qarşılıqlı hörmət prinsiplərinin qorunması şərtini irəli sürmüşdü. Görünən odur ki, ikitərəfli danışıqlarda razılıq əldə edilməsi ehtimalı böyükdür. Əgər ABŞ-nin İranı bombalanması fikri ciddi olsa idi, hər hansı danışığa gəlməzdi və bunun bəhanə tapmaq ABŞ üçün asan idi. Amma ABŞ danışıqlar yolunu tutmağa çalışır. Deməli, müharibə variantı ABŞ üçün son variantdır”.
“İsrailin də ABŞ-dan asılı olduğunu nəzərə alsaq, İrana qarşı hərbi əməliyyatların başlanması ehtimalına yer vermirəm. Əslində, İranın vurulması nə ABŞ-yə, nə də İsrailə lazımdır. İran rejiminin varlığı ABŞ üçün Yaxın Şərqdə və müsəlman dünyasında birliyin qarşısını almaq üçün lazımdırsa, İsrailə də İranın proksilərinin müqavimətini qırmaq adı altında yeni ərazilər tutmaq üçün lazımdır. Odur ki, nə ABŞ, nə də İsrail İran rejimindən vaz keçməz”, – deyə o, fikirlərini yekunlaşdırıb.
Rafi Müslümov