Birləşmiş Ştatların İran əleyhinə yeni sanksiyalar tətbiq etməsi Tehran rejiminin adekvat addımları ilə müşayiət olunur.
Yenicag.az xəbər verir ki, İranın müdafiə naziri Əmir Hatəminin ölkəsinin nüvə proqramını genişləndirəcəyini bəyan etməsi ABŞ-ın sanksiyalarına adekvat cavab kimi qiymətləndirilir.
Məlumata görə, Hatəmi İranın nüvə proqramı çərçivəsində hərbi texnologiyasını daha da inkişaf etdirəcəyini bildirib:
“İranın raket proqramları təsdiq olunmuş əsasda inkişaf etdiriləcək. Eyni zamanda, nüvə-raket proqramlarının da icrası dayandırılmayacaq”.
Xatırladaq ki, İran parlamenti ötən həftə ölkənin nüvə proqramının maliyyələşdirilməsi məsələsini müzakirə edərək, bununla bağlı büdcənin artırılmasına qərar verib.
İran prezidenti Həsən Ruhani isə ABŞ-ın Tehrana qarşı destruktiv siyasətini davam etdirəcəyi təqdirdə, məlum nüvə sazişindən imtina edə biləcəyini açıqlayıb.
Bu addımların onsuz da gərgin olan ABŞ-İran münasibətlərinə təsirini Yenicag.az-a dəyərləndirən politoloq Zərdüşt Əlizadənin fikrincə, Ağ Evin təhrikedici addımları Tehranı daha radikal mövqe tutmağa sövq edir:
“İnsaf naminə demək lazımdır ki, İran ABŞ başda olmaqla, Qərb ölkələri ilə imzaladığı nüvə sazişinin tələblərinə əməl edir. Lakin buna baxmayaraq, ABŞ İranla münasibətlərini tədricən normallaşdırmaq əvəzinə, gərginləşdirməyə meyil edir.
Bu siyasətin arxasında isə ABŞ-dakı yəhudi lobbisi və hərbi-sənaye kompleksi dayanır. İranla münasibətlərin gərginləşməsi, hətta mümkün müharibə həddinə qədər inkişaf etməsi məhz o dairələrin marağındadır.
İran dəfələrlə bəyan edib ki, onun nüvə proqramı dinc məqsədlərə hesablanıb. Eyni zamanda, beynəlxalq monitorinq qrupları İranın nüvə fəaliyyətində müqavilədənkənar fəaliyyətin olmadığını bəyan ediblər. Ancaq ABŞ buna məhəl qoymayaraq, İrana qarşı təzyiqləri artırır.
Təbii ki, İran da bu təzyiqlərə cavab olaraq, müəyyən addımlar atır. İranın müdafiə nazirinin o açıqlaması da bu kontekstdə qiymətləndirilməlidir. İran tam dərk edir ki, ABŞ-ın artan təhdidləri qarşısında nüvə silahı onun müdafiəsinin əsas şərtidir.
Diqqət edin, Ukrayna 1994-cü ildə təhlükəsizliyinə ABŞ və Rusiyadan təminat alaraq, nüvə silahından imtina etdi. Bu isə bir neçə ildən sonra Krımın Rusiya tərəfindən işğal edilməsi ilə nəticələndi.
Şimali Koreya haqqında da eyni fikirləri demək mümkündür. ABŞ bilir ki, Şimali Koreya özünün məhv olacağı təqdirdə də, malik olduğu nüvə silahı ilə onlara sağalmaz yara vura bilər.
Yəni müasir reallıqda nüvə silahı çox ciddi çəkindirici amilə çevrilib. İran da, başqa ölkələr də bu reallığı başa düşürlər”.
A.Zeynalov
Yenicag.az
www.yenicag.az