İlk qadından ilk fahişəyə çevrilmə: Yaradılış əfsanəsində Lilitin "pozisiya" SAVAŞI

media-hightechnic-468x90

Tarix boyunca heç bir mətn orijinal səciyyə daşımamışdır. İstər əski dnüyagörüşünün yozumlaması sayəsində ortaya çıxan mətnlər, istərsə də yazılı ədəbiyyatın məhsulu olan əsərlər bu və ya digər dərəcədə öz içində keçmişə dayanan fərqli işarələr barındırır. Yəni bir düşüncənin ərsəyə gəlməsi üçün o düşüncənin qaynaq kimi istifadə edə biləcəyi rellıq, yaxud reallıq kimi qəbul edilən mistik gerçəkliyə ehtiyac vardır.

Yenicag.az xəbər verir ki, yYəhudi mifologiyasında keçən Lilit əfsanəsi də məhz bu gerçəkliyin mistik qanadını təşkil etməklə birlikdə, bir sıra sualları da yaradır.

Bildiyimiz kimi, yaradılış təkcə dünyanın və ya insanın yaranması ilə məhdudlaşmır. Yaradılışın bir qismi yenidən yaranma, çevrilmə və qadının yaradılması ilə bağlıdır. Yenidən yaranma dedikdə həm dinlərdə, həm mifologiyada, həm də əfsanələrdə keçən tufan motivi nəzərdə tutulur. Tufan yenidən başlanğıcı tərənnüm edir və Nuh dönəmində dünya tufanla yenidən şəkilləndirilmişdir. Əfsanələrdə suyun arındırıcı və başlanğıcı ifadə etməsinin də Nuh tufanı söyləntilərilə əlaqəsinin olduğu düşünülməkdədir. Çevrilmə isə əfsanələrdə sıx-sıx rast gəlinən toponimik izahların əsasını təşkil edir. Elmi ədəbiyyatda bu tip əfsanələr də yaradılış əfsanələri, dolayısı ilə dini əfsanələr kateqoriyasına daxil edilir. Çünki yaradılış əfsanələri bir varlığın yaranmasını, dəyişimini və çevrilməsini özündə ehtiva etməkdədir. Maraqlıdır ki, bu tip əfsanələrdə “çevrilən” bir çox hallarda qadın olur. “Gəlin qayası”, “Gəlin daşı”, “Yatmış gözəl”, “Bənövşə” kimi əfsanələr bu qəbildəndir ki, orada qadınların müxtəlif cism və bitkilərə çevrilməsi haqqında danışılır.

Yəhudilikdə qadının yaradılışı ilə bağlı fərqli versiya var, o da zaman keçdikcə əfsanələşmiş və müxtəlif qəliblərə salınaraq günümüzədək gəlib çatmışdır. Bu əfsanənin baş qəhrəmanı Lilitdir.

Müqəddəs kitabda yaradılışla bağlı iki versiya var. Tövratın insanın yaradılması qismində bunun altıncı gün baş verdiyi bildirilir. Lakin müqəddəs kitabda keçən ifadələr qafa qarışdırıcıdır. Belə ki, “Yaradılış: 1”in  26 və 27-ci bəndində Allahın insanı öz bənzərində, özünə oxşar yaratdığı vurğulanır. Daha da maraqlısı isə budur ki, həmin hissədə Allahın insanı kişi və qadın olaraq yaratdığı ifadəsinə rast gəlinir.  Burada soğrulanmalı məsələ Allahın insanı öz bənzərində, həm də kişi ilə qadın olaraq yaratmasıdır. Bilindiyi kimi, səmavi dinlərdə ilk yaradılan insanın Adəm, yəni kişi olduğu vurğulanır, daha sonra isə Allahın Adəmin qabırğasından qadını –  Həvvanı yaratdığı bildirilir. Düzdür, Quranda Həvvanın adı keçməsə də, bu, təfsirlərdə belə təsbit olunub. Digər yaradılış verisyasında isə cins ayrımından bəhs olunmur, Allahın sadəcə insanı yaratdığı vurğulanır: “Yehova Allah torpaqdan insanı yaratdı və onun burnuna həyat nəfəsi üfürdü, beləcə, insan canlı varlıq oldu”. [Yaradılış: 2 – 7] Allah Adəmi Ədənə göndərdikdən sonra ona yaratdıqları arasında yardımçı ola biləcək birinin axtraışına girişir, Adəm onları adlandırsa da, heç biri kömək edə biləcək səviyyədə olmadığı üçün yeni birinə ehtiyac duyulur. Bundan sonra Allah Adəmi yuxuya verərək onun qabırğasında bir qadın yaradır. Adəm qadını gördükdə ona ad qoyur, kişidən yaradıldığı üçün İşşa deyir. İbranicədə “İş” kişi, “işşa” isə qadın anlamındadır. “İşşa” həm də “kişidən yaradılan” mənasına gəlməkdədir ki, bu da Adəmin ifadəsindən qaynaqlanır. “Yaradılış: 2”dən anlaşıldığı kimi, qadın, yəni Həvva Adəm cənnətdə ikən yaradılmışdır. Bu da “Yaradılış: 1”dəki süjetdən, yəni insanın kişi və qadın olaraq eyni anda yaradılma hekayəsindən köklü şəkildə fərqlənir.

Bəs, görəsən, müqəddəs kitabda qadının yaradılışı nə üçün iki cür təsvir edilib? Eyni mətndə belə kəskin müxtəliflik nədən qaynaqlanır? Bu suallaır cavablandırmaq üçün mifologiyaya və Lilit əfsanəsinə müraciət edilməlidir.

Əfsanənin özəlliklərindən biri də dində təsvir edilən boşluqları doldurmaqdan ibarətdir. Örnək gətirdiyimiz qadının yaradılış məsələsində də eyni hal yaşanır. Yəni Tövratda keçən qadının yaradılış hissəsinin iki fərqli versiyada təsvir edilməsi və birində süjet qırıqlığının yaşanması o kəsilmə nöqtələrinin mifoloji düşüncədə əfsanələşməsinə səbəb olmuş, insanlar tərəfindən boşluqların doldurulması ilə nəticələnmişdir.

Lilitlə bağlı əfsanələr üç qismə ayrılır. Elmi ədəbiyyatda inanış kimi keçən bu əfsanələrdə Lilitin yaradılma şəklində fərqliliklər mövcuddur. Məsələn, bir əfsanədə Lilitin, Tövratda olduğu kimi, Adəmlə eyni anda yaradıldığı bildirilir. Başqa əfsanədə isə Lilitin Adəmin qabırğasından var edildiyi haqqında danışılır. Digər inanış isə Lilitin Adəmdən sonra torpaqdan yaradılması ilə bağlıdır. Yəhudi mifologiyasından gələn Lilit əfsanəsinin ən geniş yayılmış versiyası isə onun Adəmlə eyni anda və eyni statusda yaradılması ilə bağlıdır. Bunun təsvir olunduğu əfsanələrin süjet xətlərində də yaradılışdakı kimi müxtəliliklər var. Məsələn, Lilitin cənnətdən çıxması, yoxsa qovulması haqqında vahid fikir yoxdur.

Əfsanəyə gəlincə, Allah Adəmlə birlikdə qadını da yaradır. Adı Lilit olan bu qadın Adəmlə eyni materialdan yaradılmışdır. Bu da onları eyni statusda qılmaqla birlikdə Adəmin hegemonyasına da böyük zərbə vurmaqdaydı. Əfsanənin yaranması da bu hegemonyanın bərpasından qaynaqlanmaqdadır. Belə ki, Adəmlə Lilit sevişdikləri zaman pozisiya olaraq Lilitin üstünə yataraq cinsi əlaqəyə girməyə üstünlük verdiyi üçün Lilit bundan qeyzlənərək ikisinin də eyni statusda olduğunu xatırladıb özünün Adəmin üzərində olmalı olduğunu bildirir. Cinsi əlaqə zamanı Adəmin kürəyi göy üzünə, Lilitin beli isə yerə gəlməkdədir. Rəmzi olaraq yer üzü matraiarxizmi, göy üzü patriarxizmi təmsil edir. Torpaq ilə göy iki uc nöqtədirlər ki, birincisi artımı, törəməni, göy üzü isə tanrısallığı, müqəddəs olanı, təmizliyi və saflığı simvolizə etməkdədir. Lilit də məhz bunu qəbul etmir. Adəmin hər zaman üstdündə olamasını həzm etməyərək ona etirazını bildirir və bərabərlik tələbini dilə gətirərək bunun müdafiəsinə qalxır. Elə bu səbəbdən də Liliti mifik tarixdəki ilk feminist qadın adlandıranlar da vardır.

Tələbləri qarşılıq görməyən Lilit cənnəti tərk edir. Adəm bunu Tanrıya anlatdıqda Allah üç mələyini – Sansi, Sansanvi və Semangelaf adlı mələklərini Liliti geri döndərmələri üçün onun yanına göndərir. Mələklər Liliti Qırmızı dəniz sahilində tapırlar və ona cənnətə dönməsinin istəndiyi elan edilir. Lakin Lilit buna razı olmur. Əfsanənin bu qismində Lilitin cənnətdən çıxdıqdan sonra cinlərlə cinsi münasibətə girdiyi və onlardan yüzlərə uşağının olduğu bildirilir. Mələklər Lilitə cənnətə dönmədiyi hər gün üçün uşaqlarının öldürüləcəyi xəbərini versələr də, Lilit yenə də razılaşmır.

ƏVVƏLİ BURADA

Davamı növbəti yazıda

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 26.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa